Müəllimlərin işə qəbulu (MİQ) prosesində iştirakın ödənişli əsasda həyata keçirilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərar təhsil ictimaiyyəti, müəllim namizədləri və ekspertlər tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilir. Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu addım sadəcə təşkilati və texniki dəyişiklik deyil, bütövlükdə təhsildə kadr siyasətinin fəlsəfəsinə təsir göstərən ciddi qərardır.
Alyans.Media ilə fikirlərini bölüşən Ekspertin düşüncəsinə görə ödəniş mexanizmi müəllimliyə girişdə sosial bərabərlik prinsipini zəiflədə, uzunmüddətli perspektivdə isə müəllim korpusunun sosial strukturuna mənfi təsir göstərə bilər. Kamran Əsədovun sözlərinə görə, MİQ-də iştirakın ödənişli edilməsi müəllim seçimini yalnız bilik və bacarıqlar üzərindən deyil, qismən də maliyyə imkanları üzərindən filtr edən mexanizm yaradır.
“İlk növbədə qeyd edim ki, MİQ-də iştirakın ödənişli edilməsi texniki qərar yox, təhsildə kadr siyasətinin fəlsəfəsini dəyişən addımdır. Bu qərar müəllim seçimini bilik və bacarıq üzərindən deyil, qismən maliyyə imkanı üzərindən də filtr edən mexanizm yaradır və bu, dövlət məktəbinə girişin sosial xarakterini zəiflədir. İmtahan artıq hamı üçün bərabər başlanğıc nöqtəsi olmaqdan çıxır və ‘kim daha çox cəhd edə bilər?’ sualını ‘kim ödəyə bilər?’ sualı ilə əvəz etməyə başlayır. Bu isə sistemin legitimliyinə zərbədir.”
Ekspert qeyd edib ki, son illərdə MİQ-də iştirak edənlərin sayı 60–70 min aralığında dəyişir, real işə qəbul olunanların sayı isə 6–7 min civarındadır:
“Bu o deməkdir ki, hər 10 namizəddən yalnız 1-i təyinat alır, 9-u isə sistemdən kənarda qalır. Elm və Təhsil Nazirliyi bu mənzərəni ‘süni yüklənmə’ kimi təqdim edir və ödəniş mexanizmi ilə bunu azaltmağa çalışır. Amma problem müraciətlərin çoxluğu deyil, sistemin bu müraciətləri düzgün ayırd edə bilməməsidir. Zəif namizədi güclüdən ayırmaq üçün ödəniş yox, ölçmə keyfiyyəti lazımdır.”
Kamran Əsədov qərarın müəyyən müsbət tərəflərinin olduğunu da vurğulayıb:
“Müsbət tərəf ondan ibarətdir ki, ödəniş mexanizmi təsadüfi və hazırlıqsız müraciətləri azalda bilər. İnsan artıq ‘pulsuzdur, girim’ yanaşması ilə yox, ‘hazırammı?’ yanaşması ilə qərar verəcək. Bu, təşkilati yükü azaldır, imtahanın idarə edilməsini asanlaşdırır, texniki resurslara qənaət yaradır.”
Lakin ekspert sosial risklərə xüsusi diqqət çəkib:
“Xüsusilə regionlarda yaşayan, repetitor imkanı olmayan, bir neçə dəfə uğursuz olmuş, amma potensialı olan müəllim namizədləri üçün ödəniş əlavə baryer yaradır. Ünvanlı sosial yardım almayan, amma real gəliri aşağı olan minlərlə insan bu mexanizmdən kənarda qalır. Yəni sistem rəsmi yoxsulluğu tanıyır, real yoxsulluğu isə görmür.”
Onun sözlərinə görə, bu yanaşma uzunmüddətli perspektivdə müəllim korpusunun sosial müxtəlifliyinə də mənfi təsir göstərə bilər:
“Ən təhlükəli məqam budur ki, bu qərar təhsildə sosial seleksiyanı gücləndirə bilər. Maddi imkanı olan, repetitorlara çıxışı olan namizədlər üstün mövqeyə çıxır, kənddə yaşayan, işləyərək ailə saxlayan potensial müəllimlər isə sistemdən sıxışdırılır.”
Kamran Əsədov bildirib ki, beynəlxalq təcrübədə ödəniş tətbiq edilən modellərdə paralel olaraq güclü güzəşt və dəstək mexanizmləri mövcuddur. Onun fikrincə, Azərbaycanda isə bu balans hələ təmin olunmayıb.
“Keyfiyyəti artıran amil imtahanın məzmunudur: testlərin real pedaqoji bacarığı ölçməsi, müsahibənin obyektivliyi, qiymətləndirmənin şəffaflığı və apellyasiya mexanizminin işləkliyidir. Bunlar dəyişmədən sadəcə ödəniş qoymaq problemi həll etmir, onu sadəcə daha az görünən edir.”
Ekspert hesab edir ki, əks halda bu qərar təhsildə keyfiyyəti artıran islahat deyil, sosial məsafəni dərinləşdirən mexanizmə çevrilə bilər.










