Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək.
Alyans.media məlumatına görə, sözügedən məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə göstərilir ki, sözügedən informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatələdiyindən qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum mühasibat uçotunun elektron qaydada aparılmasını və maliyyə, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim olunmasını təmin edəcək.
Qüvvədə olan qanuna görə, “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Layihədə isə bu müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.
Yuxarıda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” dedikdə “Rəqəmsal dövlət maliyyəsi” platforması nəzərdə tutulur.










