Xaricdə təhsil almaq arzusu minlərlə gəncin gələcək planlarında xüsusi yer tutur. Lakin bu istək düzgün araşdırma və rəsmi məlumatlara əsaslanmadıqda ciddi risklər yarada bilər.
Bu mövzu ilə bağlı elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Alyans.media – ya bildirir ki, xaricdə təhsil yalnız prestij yox, ölkənin prioritet ehtiyacları və diplomun tanınması prizmasından qiymətləndirilməlidir.

Elcin Əfəndinin sözlərinə görə, xaricdə təhsil almaq istəyən hər bir vətəndaş ilk növbədə hansı ixtisas üzrə oxuyacağını və həmin ixtisasın Azərbaycan üçün prioritet olub-olmadığını dəqiqləşdirməlidir. Eyni zamanda, təhsil almaq istənilən ali təhsil müəssisəsinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elan etdiyi rəsmi siyahılarda yer alıb-almaması mütləq yoxlanılmalıdır.
Exspert qeyd edib ki, diplomları tanınan və tanınmayan ölkə və universitetlərlə bağlı məlumatlar əvvəlcədən araşdırılmadıqda, vətəndaşlar asanlıqla dələduz şirkətlərin qurbanına çevrilə bilirlər:
“Təəssüf ki, bəzi şirkətlər xaricdə təhsil adı altında yalnız marketinq hiylələri ilə vətəndaşların etibarını qazanmağa çalışır və əsas məqsədləri pul qazanmaqdır”.
Elcin Əfəndi bildirib ki, bu risklərin qarşısını almağın ən etibarlı yolu dövlətin yaratdığı imkanlardan istifadə etməkdir. Onun sözlərinə görə, Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə yalnız tanınan universitetlərdə və ölkə üçün strateji əhəmiyyət daşıyan ixtisaslar üzrə təhsil imkanı yaradılır. Öz vəsaiti hesabına xaricdə təhsil almaq istəyən şəxslər də eyni məsuliyyətlə davranmalı, mütləq şəkildə mütəxəssislərin rəyini almalı və uzun illərdir bu sahədə fəaliyyət göstərən, etibarlı şirkətlərə üstünlük verməlidirlər. Əks halda, bu sahədə göstərilən etibar təəssüf ki, çox zaman özünü doğrultmur.










