Azərbaycanda konsert sənayesi ilə bağlı uzun illərdir müzakirə olunan, lakin açıq şəkildə dilləndirilməyən ciddi problemlər mövcuddur. Tamaşaçıların əksəriyyəti yerli müğənnilərə qarşı marağın azalmasını zövq məsələsi kimi dəyərləndirsə də, əsl səbəblər daha dərindir. Söhbət peşəkarlıqdan, təşkilati boşluqlardan, konsert mədəniyyətinin formalaşmamasından və məsuliyyət bölgüsünün düzgün aparılmamasından gedir. Bu reallıqlar nəticə etibarilə xarici sənətçilərə üstünlük verilməsinə gətirib çıxarır.
Mövzuya aydınlıq gətirmək üçün “Z Company 2007” MMC-nin təsisçisi və direktoru, “Yaz Media Group”un rəhbəri, həmçinin audiovizual media və konsert təşkilatçılığı sahəsində bir sıra iri layihələrin müəllifi Zamiq Yunisovla əlaqə saxladıq.
Zamiq Yunisov Alyans.media – ya acıqlamasında bildirdi ki, x
arici sənətçilərə üstünlük verilməsinin əsas səbəbi onların artıq hazır və peşəkar konsert mexanizmi ilə işləməsidir:
“Xarici ifaçıların konsert proqramları, texniki və məişət rayderləri, səhnə tələbləri illər öncədən formalaşıb. Onlar peşəkar turnelərə çıxırlar və vahid, stabil qiymət siyasəti ilə çalışırlar. Bu isə təşkilatçı üçün riski minimuma endirir.Bir çox yerli ifaçının peşəkar rayderi yoxdur. Texniki tələblər son anda dəyişir, bəzən isə müğənni özü konsertdə nə istədiyini tam bilmir. Bundan əlavə, sənətçilərin təşkilati proseslərə qarışması dünya praktikasına ziddir. Müğənninin işi təşkilatçılıq yox, performansdır”.
Tamaşaçı davranışları da bu prosesə ciddi təsir göstərir. Ekspertin sözlərinə görə, yerli tamaşaçı yerli müğənniləri daha çox toy və şou proqramlarında gördüyü üçün konsert bileti almağa həvəs göstərmir:
“Bu gün 50–100 manatlıq yerli konsert biletləri çətin satıldığı halda, xarici ifaçıların 200–300 manatlıq biletləri daha rahat satılır. Burada əsas məsələ konsert performansı və səhnə mədəniyyətidir.”
Zamiq bəy onu da vurğulayır ki, buna baxmayaraq, Azərbaycanda canlı konsert vermək potensialına malik kifayət qədər güclü yerli ifaçı var:
“Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi sənətçilər sübut ediblər ki, peşəkar yanaşma olduqda yerli konsertlər də uğurlu ola bilər. Müğənni müəyyən dövrlərdə tamaşaçı qarşısında konsertlə hesabat verməlidir. Çünki ifaçının bütün potensialı yalnız konsert səhnəsində görünür”.
,Sonda Zamiq bəy Azərbaycanda yerli sənətçilərə səhnə verilmədiyi iddiası reallığı əks etdirmədiyini bildirdi.
“Bu gün Dream Fest kimi beynəlxalq festivallarda Azərbaycan sənətçiləri dünya ulduzları ilə eyni səhnəni bölüşür. Xalq artistləri də, gənc ifaçılar da bu layihələrdə yer alır. Problem səhnənin olmaması yox, konsert mədəniyyətinin hələ tam formalaşmamasıdır”.










