Son dövrlərdə azyaşlı uşaqlarda aqressiv davranışların artması diqqət çəkən məsələlərdəndir. Vurma, dişləmə, səbəbsiz ağlama və kəskin etirazlar çox vaxt sadəcə davranış problemi kimi qiymətləndirilsə də, əslində bunun arxasında müxtəlif psixoloji, ailəvi və mühitlə bağlı amillər dayana bilər. Aqressiyanın səbəbləri nələrdir? Bu davranışlar valideyn münasibətləri ilə əlaqəlidirmi? Uşağın böyüdüyü mühit onun emosional reaksiyalarına necə təsir göstərir? Mövzu həm ailələr, həm də mütəxəssislər üçün ciddi araşdırma tələb edir.
Mövzu ilə əlaqəli klinik psixoloq, Amerika Psixoloqlar Assosiyasının üzvü Fəridə Musəvi Alyans.media-ya açıqlama verib. O bildirib ki, Ən önəmlisi, ana əvvəlcə sakit olsun, özünü də, uşağı da qorumağı bacarsın: ‘’Əgər ana nevroloji baxımdan hər hansı narahatlıq hiss edirsə, uşağın davranışları onu düşündürürsə, ilk addım tibbi müayinələrdən keçməkdir. Nevroloji və digər zəruri müayinələr aparıldıqdan sonra əmin oluruq ki, tibbi baxımdan heç bir problem yoxdur. Ondan sonra artıq aqressiv davranışların psixoloji təhlilinə keçə bilərik. Məsələn, bəzi uşaqlarda dişləmə halları olur – ananı, atanı dişləyə bilirlər. Bəzilərində vurma, əşyaları sındırma kimi davranışlar müşahidə olunur. Ümumiyyətlə, altı yaşa qədər uşaqlarda təqlid güclü olur. Deməli, o davranışı haradasa görüb və təkrarlayır – evdə valideynlərdən, ailə üzvlərindən və ya həyətdə yaşıdlarından. Əgər nevroloji baxımdan hər şey qaydasındadırsa, o zaman psixoloji səbəblərə baxırıq. Bu davranışların biri də özünü tanıtmaq, “mən də varam” demək ehtiyacıdır. Xüsusilə diqqətdən kənarda qalan uşaqlarda bu hal daha çox görünür. Səbəbsiz ağlamalar, aqressiv reaksiyalar – hamısı bir mesajdır: “Məni görün, mənimlə zaman keçirin, məni hiss edin.” ‘’
Psixoloq qeyd edib ki, bəzən isə uşaq sadəcə istəyini etdirmək istəyir: ‘’Əgər o, bir şeyi istəyirsə və valideynin təklif etdiyi onun seçimi deyilsə, buna etiraz edəcək. Bu zaman valideyn narahat olmamalıdır. Əksinə, anlamalıdır ki, uşağı normal inkişaf edir – öz istəyini ifadə etməyi bacarır, seçim edir və tələb edir. Uşaq hər veriləni susaraq qəbul etmirsə, bu pis əlamət deyil. O, deyir ki: “Sənin təklifin mənim istədiyim deyil, mənim də seçimim var.” Bu, özünü təsdiqləmə prosesidir. Sağlam inkişafın bir parçasıdır. Valideyn üçün əsas məsələ qorxmaq yox, müşahidə etmək, səbəbi anlamaq və uşağa sevgi ilə sərhəd qoymağı bacarmaqdır. Uşağın davranışı çox vaxt sözlə deyə bilmədiyi hisslərin səsidir. Onu eşidən valideyn artıq yolun yarısını keçmiş olur. Əlbəttə, ilk növbədə nəyə əmin olmaq lazımdır? Uşağın nitqi rahat və sərbəst formalaşıbmı? Çünki nitqi tam inkişaf etməyən uşaqlar fikrini ifadə edə bilməyəndə daxildə gərginlik yaranır və bu gərginlik aqressiya kimi üzə çıxır. Belə uşaqlar bəzən “aqressiv uşaq” kimi təqdim olunur, amma əslində problem özünü ifadə edə bilməməkdir. Ona görə də valideyn əvvəlcə tibbi tərəfi yoxlamalıdır. Əgər uşağın davranışları narahatlıq yaradırsa, nevroloji və digər zəruri müayinələrdən keçirmək vacibdir. Valideyn əmin olmalıdır ki, tibbi baxımdan hər şey qaydasındadır.
Ekspert vurğulayıb ki, bundan sonra ən doğru addım peşəkar mütəxəssisə – uşaq psixoloquna müraciət etməkdir: ‘’Psixoloq müayinə zamanı aydın şəkildə deyə bilər ki, məsələ psixolojidir, yoxsa başqa bir sahənin müdaxiləsinə ehtiyac var. İstiqaməti artıq mütəxəssis müəyyənləşdirəcək. Bəzən valideynlər həkim-həkim gəzirlər, müxtəlif sahələrə müraciət edirlər. Bu, narahatlıqdan irəli gəlir və başa düşüləndir. Amma əgər tibbi və digər yönlərdə problem olmadığına əmin olunarsa, o zaman davranışın psixoloji izahına baxmaq lazımdır. Ümumilikdə, belə hallarda gecikmədən uşaq psixoloquna müraciət etmək daha məqsədəuyğundur. Doğru diaqnoz və düzgün istiqamət həm valideyni rahatladır, həm də uşağın inkişafına sağlam şəkildə dəstək olur’’.











