Yaxın Şərqdə gərginlik yenidən artmaqdadır. Uzun illərdir davam edən siyasi və hərbi qarşıdurma fonunda İran və İsrail arasında münasibətlər daha da kəskinləşib. Analitiklərin fikrincə, tərəflər arasında qarşılıqlı ittihamlar, hərbi hazırlıq və regional təsir uğrunda mübarizə vəziyyəti daha riskli mərhələyə gətirib çıxarıb. Baş verən proseslər təkcə iki ölkə arasındakı gərginlik kimi deyil, həm də bütün Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə biləcək mühüm geosiyasi hadisə kimi qiymətləndirilir. Mövcud vəziyyət isə qarşıdakı günlərdə regionda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini əsas suallardan birinə çevirib.
Baş verən gərginliklə bağlı siyasi şərhçi Həşim Səhrablı Alyans.media-ya açıqlama verib. O bildirib ki, bu qarşıdurma son aylarda pik həddə çatan gərginliyin məntiqi nəticəsi idi: ‘’Bundan əvvəl də hadisələri təhlil edərkən görmək mümkün idi ki, gec-tez İran zərbələrə məruz qala bilər. Çünki ortada ciddi təzyiqlər var idi. Həm ABŞ, həm də İsrail İranın xarici siyasətdə suverenliyini məhdudlaşdıracaq şərtləri qəbul etməsini istəyirdi. İran isə bu tələblərdən imtina edirdi. Eyni zamanda İran raket və nüvə proqramını inkişaf etdirməklə həm İsrail, həm ABŞ, həm də bir sıra digər dövlətlər üçün təhlükə yarada biləcək layihələr üzərində işləyirdi. Nəticə etibarilə bu gün yaşanan qarşıdurmanın baş verməsi artıq qaçılmaz görünürdü. İndi isə əsas sual budur: bu qarşıdurma nə ilə nəticələnəcək və nə qədər davam edəcək? Bunu dəqiq demək çətindir. Çünki İran nə Venesuela, nə İraq, nə də Suriyadır. İranın özünün hərbi və texniki imkanları kifayət qədər inkişaf edib. Üstəlik, bəzi sahələrdə onu ABŞ-a qarşı dəstəkləyən Çin və Rusiya kimi iki böyük dövlət də var. Bu ölkələrin texnoloji və sənaye potensialı kifayət qədər güclüdür. Məhz buna görə də qüvvələr balansını dəqiq hesablamaq çətindir. Hansı tərəfin daha üstün olduğunu söyləmək asan deyil. Burada coğrafi faktorlar da mühüm rol oynayır. Əgər İran, məsələn, Amerika qitəsində yerləşsəydi, ABŞ üçün vəziyyət daha asan olardı. Çünki bu halda Çin və Rusiyanın bölgəyə təsir imkanları xeyli məhdud olardı. Lakin İran Yaxın Şərqdə yerləşir və bu region son dərəcə dinamikdir. Bölgədə müxtəlif siyasi və dini qruplar fəaliyyət göstərir. Bu fərqliliklər o qədər çoxdur ki, hansısa bir güc bölgəyə tam nəzarət mexanizmi qurmağa çalışsa belə, bunu tam şəkildə həyata keçirmək mümkün olmur’’.
Ekspert qeyd edib ki, İran da bu vəziyyətdən məharətlə istifadə edir: ‘’Ona qarşı müxtəlif koalisiyalar formalaşdırılsa da, İranın özü də rəqiblərinə – ilk növbədə ABŞ və İsrailə qarşı müxtəlif qruplar formalaşdırır. Məhz buna görə ABŞ və İsrail üçün əsas risk münaqişənin kollektiv müharibəyə çevrilməsi ehtimalıdır. Digər tərəfdən, Çin və Rusiya bölgəyə ABŞ-dan daha yaxındır. Xüsusilə Rusiyanın Yaxın Şərqdəki təsiri uzun illərə söykənən tarixi təcrübəyə əsaslanır və bu baxımdan Rusiya regionda ABŞ-dan daha əvvəl mövcud olmuş güclərdən biridir. Bölgədə Türkiyə də mühüm aktordur. Hər nə qədər ABŞ-la müttəfiq münasibətlərə malik olsa da, Türkiyə Yaxın Şərq siyasətində ilk növbədə öz milli maraqlarını qoruyur. Zərbələr endirilməzdən əvvəl Türkiyə rəsmiləri dəfələrlə bəyan etmişdilər ki, ölkənin müəyyən “qırmızı xətləri” var və mümkün hücumlar baş verərsə, Ankara ilk növbədə öz maraqlarını əsas götürəcək. Bu açıqlamalardan belə nəticə çıxarmaq olar ki, Türkiyənin mövqeyi İranın ABŞ və İsrail tərəfindən zəiflədilməsinə tam uyğun gəlmir. Bu halda Türkiyə ABŞ-a qarşı açıq şəkildə mövqe tutmasa belə, ən azından onun hərbi və siyasi kampaniyalarına dəstək verməyə bilər. Bu isə ABŞ və İsrail üçün vəziyyəti daha da çətinləşdirə bilər. Eyni zamanda ərəb dövlətləri və körfəz ölkələri də münaqişənin genişlənməsini istəmirlər. Çünki İran tərəfi dəfələrlə xəbərdarlıq edib ki, genişmiqyaslı hücumlar olacağı təqdirdə regiondakı bütün ABŞ bazalarına qarşı zərbələr endirilə bilər. Körfəz ölkələrində ABŞ hərbi bazalarının yerləşdiyini nəzərə alsaq, bu dövlətlər də birbaşa təhlükə ilə üz-üzə qala bilər’’.
Şərhçinin fikrinə görə, qarşıdakı günlər – xüsusilə yaxın 3-4 gün və ya maksimum bir həftə – həlledici olacaq: ‘’ABŞ məqsədlərinə tam nail olmayacağını başa düşsə də, bu müddətdə İrana qarşı təzyiqi artırmağa çalışa bilər. Əgər İran bu müddətdə müqavimət göstərə və cavab verə bilsə, böyük ehtimalla bir həftədən sonra ABŞ diplomatik kanalları işə salaraq İranla danışıqlara qayıtmağı təklif edə bilər. Bu halda İran da anlayacaq ki, münaqişənin uzunmüddətli davamı ölkə üçün ciddi təhlükələr yarada bilər. Çünki müharibə uzanarsa, İran daxilində sosial gərginlik arta bilər. Rejimdən narazı olan böyük bir kütlə mövcuddur və uzunmüddətli müharibə ölkədə daxili sabitliyi sarsıda bilər. Hətta müəyyən mərhələdə vətəndaş müharibəsi riski də yarana bilər. Belə bir ssenari Suriyada baş verən proseslərə bənzər vəziyyət yarada bilər. Fərqli qruplar müxtəlif dövlətlər tərəfindən dəstəklənə bilər və nəticədə ölkə daxilində ciddi parçalanma baş verə bilər. Bu isə ya rejimin devrilməsinə, ya ölkəni tərk etməsinə, ya da ölkənin bəzi bölgələrində nəzarəti itirməsinə səbəb ola bilər’’.

Sevinc Yarməmmədova










