Son üç gündə Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İran, İsrail və ABŞ arasında qarşılıqlı ittihamlar və hərbi addımlar regionda narahatlığı artırıb. Qarşıdurma ilə bağlı yayılan məlumatlar göstərir ki, bölgədə təhlükəsizlik vəziyyəti həssas mərhələyə çatıb və hadisələr qısa müddətdə daha geniş miqyas ala bilər. Baş verənlər təkcə bu ölkələr arasında münasibətlərə deyil, ümumilikdə Yaxın Şərqdə siyasi və hərbi balansın dəyişməsinə də təsir edir. Regionda yerləşən hərbi bazalar, strateji əhəmiyyət daşıyan enerji yolları və müttəfiq ölkələrin mövqeyi vəziyyəti daha da mürəkkəbləşdirir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Alyans.media-ya açıqlama verib. O bildirib ki, ümumiyyətlə hər bir halda müharibə arzuedilən deyil: ‘’Müharibələr çox zaman problemi nəinki həll edir, əksinə əlavə problemlər yaradır. İnsan tələfatı, humanitar və iqtisadi böhran yaşanır və siyasi gərginlik artır. İran və ABŞ arasında davam edən müharibənin dərhal dayandırılıb tərəflərin danışıqlar masasına qayıtması üçün beynəlxalq təşkilatların hərəkətə keçməsi önəmlidir. Xüsusən BMT-nin müdaxiləsi və böyük güclərin təşəbbüsü lazımdır. İranın Yaxın Şərqdə ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarını vurması, hətta diplomatik nümayəndəliklərə zərərin vurulması kimi hallar vəziyyəti daha da gərginləşdirir. Nəticədə ərəb ölkələrinin də müharibəyə qoşulmasına şərait yaranır. Bu da müharibənin geniş coğrafiyaya yayılması deməkdir. Eyni zamanda İranda müki əhali hakimiyyətin onlara yaratdığı narahatlıqlardan daha ağır problemlərə tuş gəlirlər. Siyasi liderlərin aradan görülməsinin sistemin çökməsinə səbəb olacağı ehtimalı zəif görünür. Əksinə Yaxın Şərqdə nüfuza sahib olan liderlərin qətli İslam aləmini çalxalayır’’.
Politoloq qeyd edib ki, Pakistan, Hindistandan bəri bir çox ölkələrdə ABŞ və İsrailin əleyhinə nümayişlər, etirazlar baş qaldırır, bəzi hallarda səfirliklərə və diplomatik nümayəndəliklərə də hücumlar baş verir: ‘’Hörmüz boğazının bağlanması, Səudiyyə Ərəbistanında neft istehsalı mənbələrinin vurulması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək, neftin qiymətinin dəyişməsi ilə digər problemlər də meydana çıxacaq. ABŞ isə bəyan edir ki, müharibə maksimum dörd həftə davam edə bilər. Beləliklə əgər bu müddət ərzində istəyinə nail olmasa vəziyyət daha da gərginləşəcək. İranın və proksi qüvvələrinin İsrailə hücumları Yaxın Şərqdəki proseslərdə mənfi rol oynayacaq. İranda ABŞ ilə razılaşmağa hazır olan liderin ortaya çıxması zəminində müharibənin dayanacağı ehtimal olunur. Sözü gedən lider hakimiyyətin içindən də çıxa bilər. Lakin bu çox çətindir və buna ehtimal azdır. Bombardman altında əhalinin ayaqlanması ehtimalı da azdır. Görünən odur ki, ABŞ hakimiyyətin dəyişməsinə qısa müddətdə nail ola bilməyəcək. Şəxslərin aradan götürülməsi sistemin sıradan çıxması demək deyil. Yeganə yol etibarlı vasitəçi vasitəsi ilə danışıqlar masasına qayıtmaq və atəşkəs elan etməkdir. Bunu təmin etmək üçün də əsas məsuliyyət BMT-nin üzərinə düşür. Savaşın geniş miqyas almadan qısa müddətə atəşkəslə əvəzlənib danışıqlar masasına qayıtmaq ən doğru və faydalı yoldur’’.
Sevinc Yarməmmədova










