İtaliya Səhiyyə Nazirliyi Avropada ilk dəfə insanlarda H9N2 quş qripi (A/H9N2) halının qeydə alındığını açıqlayıb. Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, yoluxma Lombardiya bölgəsində qeydə alınıb və xəstə, Avropaya səfər edən şəxslərdən biridir. Nazirliyin açıqlamasına görə, xəstə hazırda xəstəxanada izolyasiyada saxlanılır və müvafiq müalicə alır. Xəstənin digər mövcud sağlamlıq problemləri də mövcuddur.
Bu barədə həkim Adil Qeybulla “Alyans.media”-ya açıqlama verib. O bildirib ki, qripin, yəni influenzanın 3 əsas növü var: ‘’A, B, C növləri. Bu, uzun illərdən bəri mövcuddur. Məsələn, insanlarda mövcud olan qrip virusunun A tipinin 2000-dən çox subtipi var. Bu H9N2 virusu da əslində A virusu qrupuna aiddir, yəni influenzanın A tipinə daxildir. Və bu virus 1986-cı ildə insanlarda peyda olub və ən çox toyuqlarda, xüsusilə Çində yayılıb. İnsanlarda onun peyda olması, əlbəttə, narahatlıq doğurur. Quş qripi epizodu olan H5N1 virusu illər öncə Azərbaycanda da olmuşdu və biz onu lokallaşdıra bildik. Virus əsasən tozla, su ilə, xəstə quşun bioloji mayeləri ilə, ətlə və s. yayılır. Bu virus əsasən traxiyanın, yəni nəfəs borusunun selikli qişasındakı epitel hüceyrələrində çoxalır. Çox vaxt bu qrip zamanı bağırsaq çöpləri, “şirikiyya koli” deyilən bakteriyalar fəallaşır və 10%-dən çox ölüm halları qeydə alına bilir. Hər halda, virusun geniş pandemiya yaratmaq ehtimalı yoxdur, çünki hazırda insandan insana asanlıqla yoluxmur. Amma zaman keçdikcə virusun kontagiozluğu arta bilər. Əsas replikasiya traxiyada getdiyi üçün yuxarı tənəffüs yollarına aid əlamətlər daha çox önə çıxır. Virusun qarşısını almaq üçün isə yoluxmuş mənbələrdən, xüsusilə quş ətindən istifadə bir müddət qadağan olunur. Profilaktik tədbirlər görülür, xəstələr izolə edilir və müalicə olunur. Beləliklə, infeksiya lokallaşdırılıb aradan qaldırıla bilir’’.
Həkim qeyd edib ki, ümumiyyətlə, virusların müxtəlif növlərinin və subtiplərinin insanlar arasında getdikcə daha çox yayılması, heyvan mənşəli virusların insana daha tez-tez keçməsi insanların sayının artması, heyvanların yaşayış mühitinin daralması, qeyri-ənənəvi qidalanma və digər amillərlə bağlıdır: ‘’Çünki virus daim yeni mühit axtarır və sıxışdırılan, məhv edilən canlılardan insana keçə bilir. Bu da virusun özünü qoruma mexanizmidir və biz gələcəkdə bu cür virusların insanlarda daha çox peyda olmasının şahidi olacağıq. Təəssüf ki, bu qaçılmazdır. Bununla yanaşı, dövlətin müvafiq qurumları da bu sahədə profilaktik tədbirləri həyata keçirməli, həm ölkə daxilində, həm də xaricdən keçə biləcək yoluxmaların qarşısını almağa çalışmalıdır’’.
Aysun Xanatova










