Tarixi-dini abidələr bir xalqın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, adət-ənənələrini özündə təcəssüm etdirir. Əslində elə bu səbəbdən, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzünün qurbanları arasında tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər də yer alır. Milli mənsubiyyətimizi və dini ənənələrimizi özündə əks etdirən abidələr işğal dövründə ya tamamilə dağıdıldı, ya da onların erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edildi. Məqsəd isə xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi. Tarixi abidələrimizə qarşı vandalizm faktları bununla da bitmir. İndiki Ermənistan ərazisində- tarixi Azərbaycan torpaqlarında yerləşən dini abidələrimizi də dağıntılara məruz qoydular. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində xalqımızın indiki Ermənistan ərzisində yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib.










