Bu gecə Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda qəzaya uğrayan pilotsuz uçuş aparatı yerli sakinlər arasında təşvişə səbəb olub.
Alyans.media Türkiyə mediasına istinadla xəbər verir ki, güclü səsə oyanan sakinlər əvvəlcə hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyini düşünüblər.
Partlayış dalğası yaxınlıqdakı evlərin pəncərələrini sındırıb, digər maddi ziyan vurub. Xəsarət alan olmayıb.
Hadisə yerinə operativ şəkildə polis əməkdaşları, həkim briqadaları və yanğınsöndürənlər cəlb olunub.
Ərazi mühasirəyə alınıb, qanad açıqlığı təxminən bir metr olan pilotsuz uçuş aparatının qalıqları aşkarlanıb.
Qalıqlar texniki ekspertizaya göndərilib.
Son illər Türkiyənin Qara dəniz sahilində dəfələrlə idarəetməni itirmiş pilotsuz uçuş aparatları və ekipajsız katerlər aşkarlanıb.








