“Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında sülh, inkişaf və azadlıq var”
Alyans.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri çərçivəsində çıxışı zamanı Qarabağda bərqərar olan sülh və sabitlikdən, bölgədə yaranan yeni inkişaf mərhələsindən danışıb.
“İnşallah bu sülh və təhlükəsizlik mühitimiz daha da möhkəmlənməyə davam edəcək. Qarabağ Zəfəri vicdanları yaralayan böyük bir ədalətsizliyə son qoymaqla yanaşı, bölgəmizdə yeni bir dövrün qapılarını da açdı,” – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirib.
“Biz nə kin saxlayırıq, nə də keçmişdəki acıların yenidən yaşanmasına imkan verərik. Bu zəfəri bir son kimi deyil, Cənubi Qafqazda qalıcı sülhə aparan yolun mühüm mərhələsi kimi görürük,” – dövlət başçısı bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, Qafqazda sülhün bərqərar olması Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcək.
“Biz qalıcı sülh məsələsində son dərəcə ümidvarıq və gələcəyə inamla baxırıq,” – Ərdoğan çıxışında deyib.









