Bu gün – 12 noyabr tarixi Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu mühüm sənəd Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını müəyyən etmiş, dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunu kimi ölkənin siyasi, iqtisadi və ictimai həyatında mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyini, demokratik, hüquqi və dünyəvi prinsiplərini təsbit edir, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının əsas mexanizmini müəyyənləşdirir.
Müstəqillik dövründə ölkəmizin inkişafı, idarəetmə sisteminin təkmilləşdirilməsi və insan hüquqlarının müdafiəsi məqsədilə Konstitusiyaya bir neçə dəfə — 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası bu gün də ölkənin siyasi və hüquqi sisteminin əsas dayağı, dövlət və cəmiyyət həyatının başlıca istiqamətlərini müəyyən edən ali hüquqi sənəd olaraq qalır.
Alyans.media bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, dövlətçiliyimizin əsasını təşkil edən Konstitusiyaya hörmət və sadiqliyin hər bir vətəndaşın borcu olduğunu vurğulayır.










