Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
Alyans.media xəbər verir ki, tərəflər bəyan ediblər ki, yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq sazişi imzalanıb.
Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin həlli üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə və Macarıstanın ticarət dövriyyəsinin 6 milyard dollarlıq hədəfə çatdırılmasına az qalıb. Tərəflər bu rəqəmin 10 milyard dollara yüksəldilməsi barədə razılığa gəliblər. İqtisadi əməkdaşlıqla yanaşı, liderlər Avropada təhlükəsizlik məsələlərini, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini, eləcə də elm və innovasiya sahələrində birgə layihələri müzakirə ediblər.










