Lənkəranda arvadını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nehmətov barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Alyans.media APA-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan iclasda çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri 29, 120.1-ci maddəsinə tövsif edilib.
Beləliklə, müdafiə tərəfinin apellyasiya şikayəti qismən təmin olunub və təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.
Qeyd edək ki, Ehtibar Nehmətov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham irəli sürülmüşdü.










