Bakıda son aylarda müşahidə olunan kirayə qiymətlərinin artımı payızın sonuna doğru sabitləşəcək. Bu barədə daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Alyans.media-ya açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, avqustun sonu və sentyabrın əvvəllərində tələbələrin paytaxta axını kirayə bazarında süni bahalaşma yaradıb. Bəzi mənzil sahibləri bu vəziyyətdən istifadə edərək qiymətləri qaldırıblar.
“Hər il sentyabrda bu hal təkrarlanır. Ev sahibləri tələbələrin şəhərə gəlişini fürsət kimi dəyərləndirib qiymətləri qaldırırlar. Amma oktyabr və noyabr aylarında qiymətlər tədricən əvvəlki səviyyəsinə qayıdacaq və bazarda sabitlik yaranacaq,” – deyə ekspert vurğulayıb.
O bildirib ki, hal-hazırda bir otaqlı mənzillərin kirayəsi orta hesabla 350–400 manat, iki otaqlıların isə 450–500 manat arasında dəyişir. Bəzi rayonlarda, xüsusilə Xətai, Nizami və Yasamalda qiymət artımı daha çox müşahidə olunur.
Ekspert əlavə edib ki, bu artım əsasən mövsümi xarakter daşıyır və uzunmüddətli tendensiya deyil:
“Bazarda təklif yenidən artdıqca qiymətlər tarazlaşacaq. Mövsüm başa çatandan sonra tələb azalır, nəticədə kirayə qiymətləri də enir. Payızın sonuna qədər ciddi bahalaşma gözlənilmir.”
Onun fikrincə, mənzil bazarında süni qiymət artımına yol verməmək üçün icarə münasibətləri qanunvericiliklə daha dəqiq tənzimlənməlidir. Bu, həm kirayəçilərin, həm də ev sahiblərinin maraqlarını qorumağa kömək edər.
Ekspert sonda əlavə edib ki, gələcək aylarda qiymətlərin sabit qalması üçün bazarda şəffaflıq və rəqabət mühiti qorunmalıdır.










