Metro və avtobusdan ilk istifadəni 1 qəpiyə etmək mümkündür.
Alyans.media-ın məlumatına görə, kampaniyadan yararlanmaq üçün istənilən bank kartı uyğun hesab olunur.
Lakin ödənişin mütləq Mastercard və NFC ilə edilməsi tələb olunur.
Qaydalarına əsasən, aksiya yalnız həftənin bazar ertəsi günləri keçərlidir. Həmin gün kartla edilən ilk gediş 1 qəpik təşkil edir, sonrakı gedişlər isə standart tariflə hesablanır.
Qeyd edək ki, kampaniyanın müddətinin 2 ay olduğu bildirilir.
“BakıKart”dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” və “Mastercard” birgə olaraq “1 Qəpik Mondays” kampaniyasına start verir.
Kampaniya çərçivəsində hər bazar ertəsi sərnişinlər “Mastercard”ın təmassız bank kartı ilə ödəniş etdikdə metro və avtobusda ilk səfərlərini cəmi 1 qəpik müqabilində həyata keçirə biləcəklər.
“1 Qəpik Mondays” kampaniyası Bakının sakinləri üçün həftəyə daha sərfəli və pozitiv başlanğıc yaratmağı, eyni zamanda şəhərdə innovativ və əhatəli nəqliyyat ekosisteminin formalaşmasına töhfə verməyi hədəfləyir.










