Son günlərdə internetdə maliyyəçi Ceffri Epşteynin ölümü ilə bağlı ortaya atılan yeni iddialar oyun platformaları üzərindən geniş müzakirələrə səbəb olub.
Alyans.media “Primetimer”ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə “littlestjeffi” ləqəbli “Fortnite” (onlayn platformalı döyüş oyunu – red.) hesabının 2019-cu ildən bəri İsraildə aktiv olması barədə nəzəriyyələr sürətlə yayılır.
Bildirilib ki, sözügedən hesab Epşteynin rəqəmsal kimliyi ilə əlaqələndirilir və onun hələ də sağ ola biləcəyi barədə sui-qəsd nəzəriyyələrini yenidən ortaya atır.
Qeyd edək ki, “Primetimer”in izləmə sistemləri həmin istifadəçi adının “YouTube” abunəlikləri və digər rəqəmsal platformalardakı fəaliyyətlərini maliyyəçinin keçmiş qeydləri ilə əlaqələndirib. İnternet istifadəçilərinin həmin profilə olan marağı artdıqdan sonra hesabın “Fortnite”da “gizli” (private) rejimə keçirilməsi şübhələri daha da artırıb. Sosial şəbəkələrdə bu hesabın maliyyəçinin İsraildəki kəşfiyyat əlaqələri vasitəsilə qorunduğu iddia olunsa da, həmin məlumatlar hər hansı rəsmi orqan tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, rəsmi sənədlər və ABŞ Ədliyyə Departamentinin (DOJ) hesabatları qəti olaraq bildirir ki, Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York həbsxanasında ölüb. “Epşteyn işi” üzrə yenilənmiş sənədlərdə onun cəsədinin fotoları, ölümündən sonra meyityarma hesabatları və həbsxana daxili müşahidə qeydləri yer alıb ki, bunlar da rəsmi ölüm faktını təsdiq edir.










