Son vaxtlar paytaxtda ictimai nəqliyyatla bağlı artan narazılıqlar fonunda məsələ ictimai fəalların da diqqət mərkəzinə düşüb. Yağışlı və soyuq havalarda avtobus salonlarında yaranan buxarlanma, təmizliyə laqeyd yanaşma, eləcə də texniki baxımsızlıq sərnişinlərin narahatlığına səbəb olur. Mövzu ilə bağlı sosioloq, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Alyans Media – ya açıqlama verib və aidiyyəti qurumları ciddi tədbirlər görməyə çağırıb.
Onun sözlərinə görə, xüsusilə payız və qış aylarında yağışlı, dumanlı havalarda Bakı şəhərində ictimai nəqliyyat vasitələrinin vəziyyəti həm sərnişinlər üçün narahatlıq yaradır, həm də təhlükə mənbəyinə çevrilir. “Dəfələrlə müşahidə etmişik ki, pəncərələr buxarlanır, gecə vaxtı sərnişinlər harada olduqlarını belə müəyyən edə bilmirlər. Avtobusların salonları çirkli olur, bəzilərində isə kəskin qoxular hiss edilir. Bu hallar gündəlik təmizlik və texniki baxış proseslərinin ya keçirilmədiyini, ya da səthi şəkildə aparıldığını göstərir”, – deyə Elçin Bayramlı bildirib.
O eyni zamanda qeyd edib ki, nəqliyyat şirkətləri daha az işçi heyəti ilə daha çox gəlir əldə etməyə çalışır, nəticədə nəqliyyat vasitələri nə texniki, nə də sanitar normalara uyğun hazırlanır: “Şirkətlərin əsas məqsədi maksimum gəlir əldə etməkdir. Təmizlik və texniki təhlükəsizlik isə arxa plana keçir”.
Bayramlı onu da vurğulayıb ki, bəzi avtobusların təkərləri təhlükəli dərəcədə yeyilib və bu, qış aylarında qəzalara səbəb ola bilər: “Şəxsən özüm dəfələrlə görmüşəm ki, avtobusların təkərləri artıq sıradan çıxıb. Bu cür vəziyyət yollarda buzlaşma olan zaman sürüşmə və qəzaların baş verməsi ehtimalını artırır”.
Sosioloq aidiyyəti qurumlara çağırış edərək qeyd edib ki, nəzarət gücləndirilməli, daşıyıcı şirkətlər təlimatlara uyğun fəaliyyət göstərməlidirlər: “Şirkətlər ictimai nəqliyyatı kommersiya layihəsi kimi deyil, ictimai xidmət kimi görməlidirlər. Əgər biletlərin qiyməti artırılırsa, göstərilən xidmətin keyfiyyəti də buna uyğun yüksəlməlidir. Əks halda bu, vətəndaşların hüquqlarının pozulmasıdır”.
Elçin Bayramlının fikrincə, ictimai nəqliyyat sosial xarakter daşıyır və burada əsas hədəf sərnişinlərin təhlükəsizliyi, rahatlığı və sağlamlığı olmalıdır.










