İran ərazisində milyonlarla türk mənşəli əhali müxtəlif bölgələrdə tarixi yurdlarında yaşayır. “İran’dakı Türk Xalqları” adlı xəritədə ölkə üzrə bir neçə böyük türk icmasının adı və təxmini say göstəriciləri yer alıb.
Alyans.media İranda yaşayan türk xalqlarını araşdırıb. Araşdırmaya görə ən böyük icma kimi Azərbaycan Türkləri göstərilir. Xəritədə onların sayının təxminən 40 milyon olduğu qeyd edilir. Azərbaycan türkləri əsasən ölkənin şimal-qərb bölgələrində – Cənubi Azərbaycan adlandırılan ərazilərdə məskunlaşıblar.
Digər böyük icma isə Qaşqay Türkləridir. Onların sayının 2 milyon 595 min nəfər olduğu bildirilir. Qaşqaylar əsasən İranın cənub bölgələrində yaşayırlar və köçəri-maldar ənənələri ilə tanınırlar.
Şimal-şərq bölgəsində yaşayan Türkmənlərin sayının 2 milyon 300 min nəfər olduğu qeyd olunub. Həmçinin həmin ərazilərdə Xorasan Türklərinin 1 milyon 550 min nəfər olduğu göstərilir.
Xəritədə əlavə olaraq, Şahsevən Türklərinin (330 min nəfər), Türkmən Səhra bölgəsində yaşayan türklərin (210 min nəfər) və Xələç Türklərinin (47 min 900 nəfər) də adı çəkilir.
Qeyd olunan rəqəmlər xəritə məlumatlarına əsaslanır və müxtəlif mənbələrdə fərqli statistik göstəricilərə rast gəlmək mümkündür.
Bununla belə, fakt odur ki, İran ərazisində türk xalqları böyük demoqrafik və mədəni potensiala malikdir və ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar.
Sevinc Yarməmmədova










