Boşanma prosesində yetkinlik yaşına çatmayan uşaqların taleyi və onların maddi təminatı məsələləri Azərbaycan qanunvericiliyində xüsusi həssaslıqla tənzimlənir. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə uşaqların kiminlə qalması, alimentin ödənilmə qaydası və məbləği, eləcə də birgə əmlakın bölünməsi ilə bağlı saziş təqdim edə bilərlər. Lakin belə bir saziş olmadıqda və ya saziş uşaqların və tərəflərdən birinin maraqlarını pozduqda, bu məsələlər birbaşa məhkəmə tərəfindən müəyyən edilir.
Alyans.media olaraq bu mövzuya açıqlama gətirməsi üçün hüquqşünas Rəşad Əliyevlə əlaqə saxladıq.

Hüquqşünas bildirdi ki, məhkəmə uşaqların hansı valideynin yanında qalmasını, alimentin hansı valideyndən və hansı məbləğdə tutulacağını, eyni zamanda əmlak bölgüsünü qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən etməyə borcludur:
“Azərbaycan qanunvericiliyinə əsasən, aliment məbləği uşaqların sayına görə müəyyən edilir. Belə ki,
– 1 uşağa görə valideynin qazancının və ya digər gəlirlərinin 1/4 hissəsi,
– 2 uşağa görə 1/3 hissəsi,
– 3 və daha çox uşağa görə isə 1/2 hissəsi aliment kimi tutulur.
Bu paylar məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər mühüm hallar nəzərə alınmaqla artırıla və ya azaldıla bilər.”
Hüquqşünasın sözlərinə görə, aliment ödəyən valideynin gəliri qeyri-müntəzəm olduqda, gəlirini natura və ya xarici valyuta ilə əldə etdikdə, rəsmi gəliri olmadıqda və ya alimentin faizlə tutulması mümkün olmadıqda, məhkəmə alimenti sabit pul məbləği ilə müəyyən edə bilər:
“Bu zaman əsas prinsip uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunub saxlanmasıdır. Praktikada daha çox rast gəlinən hal isə sabit məbləğin həmin il üçün uşaqlar üzrə müəyyən edilmiş yaşayış minimumu həddində təyin edilməsidir.”
Rəşad Əliyev onu da qeyd etdi ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat müəyyən edilib və məhkəmə praktikasında aliment məbləği çox vaxt bu göstərici əsas götürülməklə təyin olunur. Aliment öhdəliyi məhkəməyə müraciət edildiyi tarixdən etibarən qüvvəyə minir və məhkəmə qətnaməsi icra olunması üçün cavabdehin qeydiyyatda olduğu rayon üzrə Ədliyyə Nazirliyinin müvafiq icra şöbəsinə göndərilir. Borclu şəxs alimenti könüllü icra etmədikdə isə icra məmurları tərəfindən məcburi icra tədbirləri tətbiq olunur:
“Bu tədbirlərə daşınar və daşınmaz əmlakın siyahıya alınması, üzərinə həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, ölkədən çıxışa məhdudiyyətin tətbiqi və digər hüquqi mexanizmlər daxildir.”
Əmlak olmadıqda və məhkəmə qətnaməsi icra edilmədikdə isə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyət tədbirləri görülür. Bu halda 500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni hal bir il ərzində təkrar baş verdikdə isə daha ağır sanksiyalar nəzərdə tutulur.
Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi artıq cinayət məsuliyyəti yaradır. Hüquqşünasın sözlərinə görə, bu halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması mümkündür və sanksiya olaraq ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.










