Son vaxtlar sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə və ümumi əxlaq normalarına zidd paylaşımların artması cəmiyyətdə narahatlıq doğurur. Xüsusilə geniş auditoriyaya təsir edən platformalarda yayılan bu cür məzmunlar ictimai müzakirələrə səbəb olub. Məhz bu səbəbdən qanunvericiliyə edilən dəyişikliklər cəmiyyət tərəfindən diqqətə səbəb olub.
Elə bu səbəbdən Alyans.Media olaraq Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ilə əlaqə saxlayıb mövzu ilə bağlı fikirlərini öyrəndik.
Hacıbəy Heydərlinin fikrincə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişiklik birbaşa olaraq cəmiyyətin formalaşdırdığı real tələbdən irəli gəlirdi. Çünki son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə də geniş auditoriyaya malik platformalarda milli-mənəvi dəyərlərimizə zidd olan, cəmiyyətə mənfi təsir göstərən müxtəlif məzmunların paylaşılmasının şahidi oluruq.
Bu paylaşımlar arasında açıq şəkildə əxlaq normalarına, milli-mənəvi prinsiplərə zidd jestlər, davranışlar, eləcə də insan bədəninin qeyri-etik formada nümayiş etdirilməsi halları artmaqdadır. Belə məzmunlar təkcə fərdi zövqsüzlük deyil, eyni zamanda ictimai düşüncəyə və gənc nəslin dünyagörüşünə mənfi təsir göstərən ciddi problemdir.
Məhz bu səbəbdən qanuna edilən dəyişikliklərlə artıq bu cür paylaşımlar edən şəxslərin qanun qarşısında məsuliyyət daşıması nəzərdə tutulur. Yeni tələblərə əsasən, milli-mənəvi dəyərlərə zidd məzmun yayan şəxslər inzibati qaydada cəzalandırıla, hətta müəyyən hallarda azadlıqdan məhrumetmə ilə üzləşə bilərlər.
Belə ki, həmin hərəkət ilk dəfə törədildikdə 100 manatdan 500 manatadək cərimə tətbiq olunur. Əgər eyni hal ikinci dəfə təkrarlanarsa, bu zaman artıq inzibati həbs cəzası da istisna edilmir. Bu isə məsuliyyətsiz davranışların qarşısının alınması baxımından mühüm preventiv mexanizm hesab olunur.
Bu dəyişikliklərin Azərbaycanda sosial şəbəkələrdə mövcud olan neqativ tendensiyaların azalmasına, ictimai məsuliyyət hissinin güclənməsinə ciddi töhfə verəcəyinə inanıram. Xüsusilə də TikTok platformasında mütəmadi olaraq rast gəldiyimiz bu cür paylaşımların qarşısının alınması baxımından qanunvericiliyin sərtləşdirilməsi zəruri addım idi.”
Ümumilikdə isə qeyd etmək olar ki, cəmiyyətin böyük əksəriyyəti bu dəyişiklikləri müsbət qarşılayır və onu milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən vacib hüquqi mexanizm kimi qiymətləndirir.










