Bu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində ciddi bir insident baş verib. 10-cu sinifdə oxuyan bir şagird ov tüfəngi ilə məktəbə gəlib və dərs zamanı riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açıb. Təhlükəsizlik qüvvələri şagirdi dərhal saxlayıb, silah əlindən götürülüb. Yaralı müəllimə təcili tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam edir. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və araşdırma aparılır. Məktəbdə və təhsilimizə bu tip hadisələrin baş verməsi nə dərəcədə ziyan vurur? Qarşısını almaq üçün hansı tədbirlərdən istifadə etmək lazımdır?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Alyans.media-ya açıqlama verib. Bildirib ko, bu gün ‘’İdrak’’ liseyində baş verən hadisə əslində istənilən məktəbdə və ya müəssisədə – kiçik və ya böyük olmasından asılı olmayaraq baş verə bilər: ‘’Təəssüf ki, bu gün Azərbaycan mediasının bir hissəsi “reytinq yığmaq” naminə hadisənin mahiyyətindən kənar, sensasiyalı başlıqlar təqdim edir, bəziləri isə yaranmış vəziyyətdən istifadə edərək uyğun olmayan mövqelər nümayiş etdirir. Təsəvvür edin ki, hər hansı özəl liseydə hadisə baş verir, lakin hadisənin özü kənarda qalır, diqqət isə təhsil müəssisəsinin idarə olunması, rəhbər şəxslərin ailə üzvləri kimi mövzulara yönəldilir. Məsələn, təhsil rəhbərinin gəlininin məktəbi idarə etməsi və ya direktorun qızının xaricdə təhsil alması qabardılır. Halbuki bu faktların baş verən hadisə ilə nə qədər əlaqəsi var? Xaricdə oxuyan bir gəncin bu olayda günahı və ya məsuliyyəti nə dərəcədə ola bilər? Ədalət naminə qeyd etməliyik ki, İdrak liseyi indiyədək nəticələri ilə seçilən təhsil ocaqlarından biri olub. Lakin təəssüf ki, media bu hadisədə əsas mövzunu kənara qoyaraq şəxsi və ikinci dərəcəli məsələləri ön plana çıxardı. Hadisənin mediada bu cür uyğunsuz şəkildə işıqlandırılması cəmiyyətdə haqlı narazılıq doğurur’’.
Ekspert vurğulayıb ki, bu gün cəmiyyətimiz hələ də bu kimi risklərdən tam sığortalanmayıb: ‘’Psixoloqlar və mütəxəssislər dəfələrlə valideynləri xəbərdar ediblər ki, uşaqların maraq göstərdiyi oyunlara, sosial şəbəkələrə və davranışlarına xüsusi diqqət yetirilməlidir. Mediada yayılan bəzi açıqlamalarda da hadisədə iştirak edən uşağın müəyyən riskli oyunlara və platformalara meyilli olduğu iddia edilir. Bu məlumat sinif yoldaşlarından birinin verdiyi açıqlamaya əsaslanır. Mühafizə məsələsinə gəldikdə isə, paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin əksəriyyətinin Daxili İşlər Nazirliyi ilə müqaviləsi mövcuddur və giriş-çıxış polis nəzarəti altında olur. Dövlət müəssisələrində isə təhlükəsizlik əsasən xüsusi mühafizə şirkətləri tərəfindən təmin edilir. Elm və Təhsil Nazirliyinin tenderini qazanan ixtisaslaşmış şirkətlər məktəblərin mühafizəsi ilə məşğul olur. Bununla yanaşı, şagird sayı az olan bəzi məktəblərdə mühafizə işi bəzən yalnız bir yaşlı və ya təcrübəsiz əməkdaşa həvalə edilir ki, bu da real təhlükəsizlik demək deyil. Ümumilikdə məktəblərin mühafizəsi məsələsi ciddi şəkildə dövlət və Elm və Təhsil Nazirliyi tərəfindən yenidən nəzərdən keçirilməlidir. Çünki bu cür hadisələrdən cəmiyyətimiz hələ tam şəkildə qorunmuş sayılmır’’.











