Son günlər bəzi xarici markalara məxsus süni uşaq qidalarının tərkibində təhlükəli bakteriyaların və toksik maddələrin aşkarlanması bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da ciddi narahatlığa səbəb olub. Həmin məhsulların müəyyən partiyalarının geri çağırılması ilə bağlı xəbərdarlıqlar artıq beynəlxalq və yerli media orqanlarında yayımlanır. Valideynlər arasında təşvişə yol açan bu məsələ ilə bağlı mütəxəssislər əhalini diqqətli olmağa və zəruri tədbirlər görməyə çağırırlar.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Alyans Media – ya açıqlamasında, bəzi xarici süni qidaların tərkibindəki təhlükəli maddələrin aşkarlanması ilə bağlı valideynlərə mühüm xəbərdarlıq edib.

“Uşaqlar, xüsusilə də körpələr yüksək risk qrupuna aid yaş kateqoriyasındadır. Onların immun sistemi tam formalaşmadığı üçün sünik qidalara qarşı allergiyalar və həssaslıq halları baş verə bilər. Əgər adı çəkilən markaların məhsulları Azərbaycanda da satışdadırsa, valideynlər çox diqqətli olmalıdır”, – deyə o bildirib.
Məhsəti Hüseynova qeyd edib ki, bu məhsulların bəzi partiyalarında toksik maddələr və bakteriyalar aşkarlanıb:
“Əgər valideynlər bu məhsullardan alıblarsa, partiya nömrəsini mütləq yoxlasınlar. İlgili partiyalara aid olduqda, həmin məhsullardan istifadə olunmamalı və aidiyyəti qurumlara məlumat verilməlidir”.
Qida eksperti onu da əlavə edib ki, uşaqlarda mədə ağrısı, köp, qusma, ishal və ya uzunmüddətli halsızlıq kimi əlamətlər varsa, dərhal həkimə müraciət edilməlidir:
“Bu bildirişlər artıq rəsmi xarici səhifələrdə də yer alıb. Yəni valideynlərin narahat olması üçün kifayət qədər əsas var. Hər kəs diqqətli olmalı və uşaqların sağlamlığı üçün məsuliyyətli davranmalıdır”, – deyə Məhsəti Hüseynova vurğulayıb.









