Türkiyəyə məxsus təyyarənin Gürcüstanda baş verən qəzası ilə bağlı ilkin araşdırmalar hadisənin texniki səbəblərdən qaynaqlandığını göstərir.
Ekspert İlkin Məmmədkərimovun Alyans.mediaya verdiyi açıqlamaya əsasən, hava gəmisinin vurulması və ya hər hansı xarici müdaxilə nəticəsində qəzaya uğraması ehtimal xarakteri daşımır.
Məlumatda bildirilir ki, qəza baş verən təyyarə ABŞ istehsalıdır və onun istehsal ili 1990-cı illərə təsadüf edir. Təyyarə uzun müddət Türkiyə dövlət qurumlarının istifadəsində olub. Son əsas texniki baxış 2020-ci ildə aparılıb və son beş il ərzində hava gəmisinə yalnız lokal texniki xidmət göstərilib.
Hadisə ilə bağlı ilkin versiyaya görə, uçuşdan əvvəl mühərriklərdə qısa yoxlamalar həyata keçirilsə də, qəzanın uçuş zamanı mühərrikdə yaranan nasazlıq nəticəsində baş verdiyi ehtimal olunur.
Ekspert qeyd edib ki, hadisənin xarici təsir və ya vurulma halları ilə əlaqələndirilməsi üçün hər hansı fakt mövcud deyil:
“Mən təyyarənin vurulmasını ehtimal etmirəm. İlkin məlumatlar göstərir ki, qəza mühərrikdə yaranan texniki nasazlıq nəticəsində baş verib.”
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aynurə Quliyeva










