“Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair tələblər”, “Enerji effektivliyi fondunun vəsaiti hesabına pilot layihələrin maliyyələşdirilməsi, həmçinin subsidiya və qrant alınması üçün ərizə forması” və “Enerji effektivliyi fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında məlumat forması” təsdiq edilib.
Alyans.media xəbər verir ki, Energetika Nazirliyinin Kollegiyasının sədri Pərviz Şahbazov qərar imzalayıb.
Qərara əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmayan layihələr müəyyənləşib.
Fond aşağıdakı sahələrlə bağlı layihələri maliyyələşdirmir:
– silah və sursat istehsalı və ya ticarəti;
– alkoqollu içkilərin istehsalı və ya ticarəti;
– tütün məmulatlarının istehsalı və ya ticarəti;
– torpaq və mövcud binaların satın alınması, kirayəsi və ya icarəsi;
– istifadədə olmuş avadanlıqların təkrar istifadəsi;
– radioaktiv materialların istehsalı və ya ticarəti (tibbi və keyfiyyət nəzarəti avadanlıqları istisna olmaqla);
– asbest liflərinin istehsalı və ya ticarəti;
– təhlükəli kimyəvi maddələrin istehsalı, ticarəti, saxlanması və ya istifadəsi;
– idarə olunan meşələrdən olmayan ağac və ya meşə məhsullarının istehsalı və ya ticarəti.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Enerji effektivliyi fondunun vəsaiti hesabına bu tələblərə uyğun gələn layihələrin maliyyələşdirilməsini, o cümlədən layihələr üzrə subsidiya və qrantların ayrılmasını, habelə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsini təmin edəcək.
Bu tələblərdə istifadə olunan anlayışlar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda, “Qrant haqqında” Qanunda, Qaydada və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edəcək./Oxu.Az










