‘’Qarabağ”ın 200 min manat qarşılığında heyətinə yeni futbolçu qatması ictimaiyyətdə və futbol cameəsində ciddi maraq doğurub. Bu transferin klubun ümumi inkişafına və idman baxımından irəliləməsinə nə dərəcədə töhfə verəcəyi əsas müzakirə mövzularından biridir. Maraqlıdır, yeni oyunçunun gəlişi “Qarabağ”ın oyun sistemində hansı dəyişikliklərə səbəb ola bilər və klubun qarşısında hansı yeni perspektivlər aça bilər? Eyni zamanda bu transfer heyət daxilində mümkün ayrılıqlar məsələsini də yenidən gündəmə gətirib. Son vaxtlar Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevin “Qarabağ”dan ayrılacağı ilə bağlı yayılan xəbərlər təsadüfi deyil. Yeni futbolçunun komandaya cəlb olunması bu iddiaları nə dərəcədə real edir? Qarşıdakı günlərdə “Qarabağ”ın heyətində ciddi dəyişikliklərin şahidi ola bilərikmi?
Mövzu ilə bağlı aparıcı, idman jurnalisti Orxan Sübhan Alyans.media-aya açıqlama verib. O bildirib ki, Jeremi Qnali üçün xərclənən məbləğə təəccüblənməyə dəyməz: ‘’“Qarabağ”ın uzun illərdir formalaşdırdığı transfer siyasəti məhz bu xətt üzərində qurulub: futbolçuları nisbətən ucuz qiymətə heyətə qatmaq, onlara oyun təcrübəsi qazandırmaq və müəyyən müddətdən sonra daha sərfəli məbləğə satmaq. Praktikada bu modelin uğurlu nümunələri kifayət qədərdir. Təkcə Juninyonun timsalında belə bu strategiyanın necə işlədiyini görmək mümkündür. Qnalinin “Qarabağ”a nə dərəcədə fayda verə biləcəyi isə zamanla aydınlaşacaq. Onun oyun üslubu, komandaya adaptasiyası və əsas heyətdə yer alıb-almayacağı mövsüm ərzində öz cavabını tapacaq suallardır. Ancaq indidən demək olar ki, bu transfer təkcə heyətin gücləndirilməsi yox, eyni zamanda klubun gələcək planlarının bir hissəsidir’’.
Ekspert qeyd edib ki, digər tərəfdən, Qnalinin gəlişi “Qarabağ”dan mümkün ayrılıqları da gündəmə gətirib: Son dövrlər mətbuatda bu mövzuda müxtəlif xəbərlərə rast gəlinir. Xüsusilə Bəhlulun klubdan ayrılmasının artıq gün məsələsi olduğu iddia olunur. Bundan əlavə, Elvin və Toral məsələsi də diqqət mərkəzindədir. Qnali sol cinah müdafiəçisi olduğuna görə, hazırda eyni mövqedə üç futbolçunun olması real görünmür. Bu isə o deməkdir ki, həmin mövqedəki oyunçulardan ikisindən biri – ya Elvin, ya da Toral – komandadan ayrılacaq. Necə deyərlər, rusların sözü olmasın, “yaşayarıq, görərik”. Yəqin ki, yaxın günlərdə kimin gedəcəyi, kimin qalacağı tam dəqiqləşəcək və “Qarabağ”ın transfer tapmacası növbəti mərhələsinə qədəm qoyacaq’’.











