Son üç gündə Yaxın Şərqdə gərginlik kəskin şəkildə artaraq İran və İsrail arasında açıq hərbi qarşıdurmaya çevrilib. ABŞ və İsrailin 28 fevralda İran ərazisində həyata keçirdiyi genişmiqyaslı hava zərbələri regionda yeni və təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Hücumlar zamanı İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin öldürüldüyü təsdiqlənib və bu hadisə qarşıdurmanı daha da kəskinləşdirib. Həmin zərbələrdən sonra İran İsrailə və regionda yerləşən ABŞ hərbi obyektlərinə qarşı raket və pilotsuz aparat hücumları həyata keçirib. Münaqişə qısa müddətdə yalnız iki ölkə ilə məhdudlaşmayaraq Yaxın Şərqin müxtəlif nöqtələrinə yayılıb. İranın cavab zərbələri nəticəsində İsraildə partlayışlar baş verib, Körfəz ölkələrində yerləşən ABŞ bazaları hədəfə alınıb və regionda təhlükəsizlik vəziyyəti ciddi şəkildə gərginləşib.
Baş verən hadisələrlə bağlı politoloq Turab Rzayev Alyans.media-ya açıqlama verib. O düşünür ki, qarşıdakı dövrdə bu münaqişənin davam edəcək: ‘’Çünki faktiki olaraq tərəflərin heç biri geri addım atmaq niyyətində deyil. İran tərəfi danışıqlara meyilli olduğunu bildirsə də, açıq şəkildə nə nüvə proqramından imtina etmək, nə də ballistik raket proqramını dayandırmaq istədiyini göstərir. Digər tərəfdən, ABŞ-da Donald Trump əvvəlcə vəziyyətə dörd həftə vaxt veriləcəyini bildirsə də, bir çox mütəxəssislər münaqişənin daha uzun müddət davam edə biləcəyini deyirlər. İsrail isə bu dəfə İran ilə bağlı bütün problemləri daha sərt şəkildə həll etmək niyyətində görünür. Ümumilikdə mənzərə onu göstərir ki, hər üç tərəf mövqeyində kifayət qədər qətiyyətlidir və qarşı tərəfə güzəşt etməyə hazır deyil. Məsələn, faktiki olaraq danışıqlar prosesinin getdiyi bir vaxtda ABŞ tərəfindən hücum həyata keçirildi. Bu, əvvəlki hallarda da baş vermişdi. Bu səbəbdən tərəflər danışıqları daha çox siyasi manevr kimi qəbul edir və prosesə tam etibar etmirlər’’.
Politoloq hesab edir ki, münaqişə hələ bir müddət davam edə bilər: ‘’Eyni zamanda İranın münaqişəni daha da genişləndirmək potensialı da var. Belə olarsa, İsrail və ABŞ bazaları, eləcə də bəzi ərəb ölkələri hədəfə çevrilə bilər və bu, qarşıdurmanın miqyasını böyüdə bilər. Hazırda əsas məsələ İranın cavab imkanlarının nə qədər geniş olması və ABŞ ilə İsrailin hərbi-siyasi resurslarının bu qarşıdurmanı nə qədər davam etdirə bilməsidir. Digər vacib sual isə odur ki, tərəflər sonda ortaq dil tapa biləcəklərmi. İranda mümkün siyasi dəyişikliklər və yeni hakimiyyətin ABŞ və İsraillə münasibətləri necə quracağı da bu prosesdə həlledici rol oynaya bilər’’.

Sevinc Yarməmmədova










