Azərbaycanda təhsil sahəsi son illərdə ciddi inkişaf edir, lakin gənclər və valideynlər üçün düzgün seçim etmək hələ də çətinlik yarada bilər. Bir çox abituriyent həm yerli universitetlərin imkanlarını, həm də xaricdə təhsil perspektivlərini nəzərdən keçirmək istəyir, lakin məlumat çatışmazlığı və yanlış yönləndirmələr problemlərə səbəb olur.
Alyans.media xəbər verir ki, Bu səbəbdən EduGlobal-un dəstəyi ilə Qubada maarifləndirici görüş təşkil olunub. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub və burada abituriyentlər birbaşa ekspertlərlə ünsiyyət imkanına sahib olublar.
Görüşdə Slovakiyanın dövlət universitetlərinə qəbul üzrə nümayəndə Boqdan Toka gənclərə rəsmi müraciət qaydaları, sənəd prosesi və ödənişsiz təhsil imkanları barədə ətraflı məlumat verib. Həmçinin iştirakçıların sualları cavablandırılıb, praktiki tövsiyələr təqdim olunub.
Tədbirin məqsədi abituriyentləri həm Azərbaycandakı təhsil imkanları, həm də xaricdə perspektivlər barədə məlumatlandırmaq, yanlış yönləndirmələrdən qorumaq və düzgün seçim etmələrinə dəstək olmaq olub. Görüş interaktiv formatda keçib və iştirakçılar üçün yadda qalan sessiya olub.










