Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacaq. Alyans.media Reporta istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi xəbər verib.
Sənəd Latviya Prezidenti Edqars Rinkeviçin 21-23 aprel 2026-cı il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanacaq.
Dövlət başçısını səfərdə Latviyanın xarici işlər naziri Baiba Braže müşayiət edəcək.
“Latviya və Azərbaycan əməkdaşlığını təsdiqləyən bir neçə sənəd imzalayacaqlar. Xarici işlər naziri Latviya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayacaq ki, bu da iki tərəf arasında konsulluq məlumatı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı gücləndirəcək.”
Xarici işlər naziri Baiba Braženin həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ayrıca görüş keçirməsi planlaşdırılır. Nazirlər ikitərəfli əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq də daxil olmaqla regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə edəcəklər.










