Sosial şəbəkələrdə fəaliyyət göstərən “Loto” adlı hesab istifadəçiləri lotereya oyunlarına qoşulmağa və pul qazanmağa həvəsləndirir. Paylaşımlarda süni intellektlə hazırlanmış səs yazılarından istifadə olunduğu diqqət çəkir. Lakin hesab haqqında heç bir rəsmi qeydiyyat məlumatı təqdim edilmir, eləcə də əlaqə üçün telefon nömrəsi göstərilmir. Bu isə hesabın etibarlılığı ilə bağlı suallar yaradır və istifadəçilərin diqqətli olmasını zəruri edir.
Alyans.media-nın məlumatına görə, informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, süni intellektlə yaradılan səsin inamlı və peşəkar səslənməsi insanlarda güvən hissi formalaşdıra bilər:
“Süni intellekt səsi ilə danışan və insanları qazanc əldə etməyə çağıran xidmətlərə qarşı çox ehtiyatlı davranmaq lazımdır. Belə platformalar özlərini müasir, peşəkar və etibarlı xidmət kimi təqdim etməyə çalışırlar. Lakin səsin süni intellekt vasitəsilə hazırlanması həmin xidmətin qanuni və təhlükəsiz olduğunu göstərmir. Əgər platformanın rəsmi qeydiyyatı, hüquqi ünvanı, məsul şəxsləri və şəffaf əlaqə məlumatları yoxdursa, bu ciddi risk əlaməti hesab olunmalıdır”.
Ekspert qeyd edib ki, istifadəçilər şəxsi və maliyyə məlumatlarını bu tip platformalarla paylaşmamalıdır:
“Xüsusilə ‘tez qazanc’, ‘asan gəlir’, ‘pul yatır və qazan’ kimi vədlərə inanmazdan əvvəl məlumatlar diqqətlə yoxlanmalıdır. Bu tip çağırışlar insanları tələsik qərar verməyə sövq etmək üçün istifadə oluna bilər. Belə platformalar maliyyə piramidası, investisiya fırıldağı və ya saxta onlayn xidmət ola bilər. İnsanlar bank kartı məlumatlarını, şəxsiyyət vəsiqəsi məlumatlarını və ya hesab şifrələrini bu cür xidmətlərlə paylaşmamalıdır. Əvvəlcədən ödəniş və ya pul yatırılması tələb olunursa, bu daha ciddi təhlükə siqnalıdır”.
Bəhruz Əliyev vurğulayıb ki, belə platformalarla qarşılaşdıqda ilk növbədə onların kimə məxsus olduğunu araşdırmaq vacibdir:
“Platformanın rəsmi qeydiyyatı, vergi məlumatları, müqavilə şərtləri və istifadəçi rəyləri yoxlanmalıdır. İnternetdə həmin xidmət barədə şikayətlərin olub-olmamasını araşdırmaq da faydalıdır. Əgər məlumatlar gizlədilirsə və ya verilən cavablar qeyri-müəyyəndirsə, həmin xidmətdən uzaq durmaq daha düzgün seçimdir. Qanuni fəaliyyət göstərən şirkətlər adətən öz məlumatlarını açıq şəkildə təqdim edirlər”.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Kamran Əsədullayev isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, son dövrlərdə bu tip səhifələrin sayı sürətlə artır:
“Xüsusilə Facebook, TikTok və Instagram kimi platformalarda peşəkar hazırlanmış videolar, süni intellekt səsləri və inandırıcı reklam məzmunları geniş yayılıb. Bu səhifələr əsasən insanları qısa müddətdə yüksək qazanc əldə etməyə həvəsləndirir. Problem ondadır ki, belə platformaların əksəriyyətinin rəsmi qeydiyyatı, hüquqi məsuliyyəti və ya şəffaf fəaliyyəti olmur”.
Ekspertin sözlərinə görə, süni intellekt texnologiyaları vasitəsilə olduqca real görünən səs və videolar hazırlamaq mümkündür:
“Bəzi səhifələr istifadəçilərə kiçik məbləğ yatıraraq qısa müddətdə böyük qazanc əldə etməyin mümkün olduğunu bildirir. Daha sonra isə insanlardan bank kartı məlumatları, şəxsi məlumatlar və müxtəlif ödənişlər tələb olunur. Bir çox halda həmin vəsaitlərin geri qaytarılması mümkün olmur və vətəndaşlar maddi zərərlə üzləşirlər. Ən təhlükəli məqamlardan biri isə odur ki, insanlar qarşı tərəfin real insan olduğunu düşünür, halbuki danışan səs tamamilə süni intellekt sistemi tərəfindən yaradılır. Bu isə manipulyasiya və etimad qazanmaq üçün istifadə edilir”.
Kamran Əsədullayev vətəndaşlara sosial şəbəkələrdə yayılan “asan qazanc”, “sürətli gəlir” və “gündəlik yüksək qazanc” kimi vədlərə qarşı diqqətli olmağı tövsiyə edib:
“Hər hansı platformaya qoşulmazdan əvvəl onun hüquqi statusu, rəsmi qeydiyyatı və fəaliyyəti barədə məlumatlar yoxlanmalıdır. Ən əsası isə şəxsi və bank məlumatları tanınmayan platformalarla paylaşılmamalıdır. Süni intellekt texnologiyası faydalı vasitə olsa da, nəzarətsiz və qeyri-qanuni şəkildə istifadə olunduqda kiberdələduzluq və informasiya manipulyasiyası üçün ciddi risklər yarada bilər”.










