ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişi ilə bağlı tələbləri qəbul etməyə məcbur etmək üçün ilkin mərhələdə məhdud hərbi zərbə endirilməsi variantını nəzərdən keçirir. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, planlaşdırılan addım Tehrana təzyiq göstərmək məqsədi daşıyır və genişmiqyaslı müharibəyə səbəb ola biləcək böyük hücumdan daha məhdud xarakterli ola bilər. İran-ın mümkün cavabı nə ola bilər? İran birbaşa cavab verər, yoxsa dolayı mexanizmlərə üstünlük verər? Bu gərginlik Yaxın Şərqin ümumi vəziyyətinə necə təsir edir?
Mövzu barəsində siyasi şərhçi Elmir Səftərov Alyans.media-ya açıqlama verib. O bildirib ki, Amerika–İran qarşıdurması artıq uzun müddətdir davam edir və müxtəlif formalarda bu gün də aktuallığını qoruyur: ‘’Bu gərginlik zaman-zaman hərbi, siyasi və iqtisadi müstəvilərdə özünü göstərməkdədir.
İranın himayəsində olan bəzi qruplar son illərdə ABŞ və İsrail tərəfindən xeyli zəiflədilib. Bu baxımdan ABŞ-ın İrana qarşı təzyiqlərini daha iddialı və açıq şəkildə davam etdirdiyi müşahidə olunur. İranın əlində olan bəzi təsir və təzyiq vasitələri əvvəlki dövrlərlə müqayisədə zəifləsə də, ölkənin hələ də müəyyən regional təsir imkanları mövcuddur.
Xüsusilə strateji boğazlar və beynəlxalq ticarət yolları İran üçün mühüm rıçaq hesab olunur. Belə alətlərin işə salınması enerji bazarlarına, xüsusilə neft və qaz qiymətlərinə qısamüddətli də olsa, ciddi təsir göstərə bilər’’.
Politoloq vurğulayıb ki, lakin bu cür addımların atılması böyük risklər daşıyır və genişmiqyaslı nəticələrə səbəb ola bilər: ‘’Digər tərəfdən İranın uzaqmənzilli raket potensialı mövcuddur. Ancaq əvvəlki hadisələr göstərir ki, bu tip hücumların effektivliyi məhdud ola bilər və genişmiqyaslı hərbi üstünlük yaratmaq baxımından həlledici olmaya bilər. ABŞ-ın hərbi variantı nəzərdən keçirməsi ehtimalı gündəmə gəlsə də, İranın da birbaşa və ya dolayı cavab imkanlarının olduğu aydındır’’.

Sevinc Yarməmmədova










