ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar beşinci gününə daxil olarkən, qarşıdurma Yaxın Şərq regionuna yayılmaqda davam edir. Ölənlərin sayı artır, münaqişənin nə vaxt dayanacağı isə hələlik məlum deyil.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, İran ərazisində bir neçə istiqamətdə bombardmanlar həyata keçirilir. Eyni zamanda, Tehran da bölgə ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə cavab zərbələri endirir.
Tasnim agentliyi paytaxt Tehranın müxtəlif hissələrində partlayış səslərinin eşidildiyini bildirib. İran dövlət televiziyası isə şəhərin mərkəzində yerləşən bir binanın dağıntılarını nümayiş etdirib.
Hədəfə alınan şəhərlər arasında müqəddəs Qum şəhərinin də olduğu qeyd edilir. Bundan başqa, ölkənin bir neçə digər yaşayış məntəqəsində də zərbələrin endirildiyi bildirilir.
Müharibənin beşinci günündə vəziyyət getdikcə daha da gərginləşir və regionda təhlükəsizliklə bağlı narahatlıqlar artır. Analitiklər hesab edir ki, qarşıdurmanın genişlənməsi Körfəz ölkələri üçün də ciddi risklər yarada bilər.
Sevinc Yarməmmədova










