Dünyanın maliyyə bazarlarında investorlar “nağd pula qaçış”a başlayıb. Orta Şərqdə gərginliyin artması nəticəsində qızıl, istiqrazlar və səhmlər eyni zamanda dəyər itirərək bazarların ənənəvi davranışını pozub, volatilliyi yüksəldib.
Alyans.media xəbər verir ki, əvvəlki günlərdə münaqişənin tezliklə sona çatacağına dair ümidlər bazarları sakitləşdirsə də, İsrailin Livana hücumu və İranın Körfəz ölkələrində enerji infrastrukturuna, eləcə də Hörmüz Boğazında tankerə zərbələr endirməsi vəziyyəti dəyişib. Hazırda dünya enerjisinin beşdə biri bu boğazdan keçdiyi üçün risklər ciddi şəkildə artır.
Dövlət və şirkət istiqrazları, qızıl və səhmlər eyni vaxtda ucuzlaşarkən, ABŞ dolları və neft qiymətləri bazarda qazanclı çıxış edən yeganə aktivlər olub. Bu həftə pul bazarı fondları investorların diqqətini çəkərək böyük miqdarda vəsait toplayıb.
Bazardakı bu ani dəyişikliklər maliyyə mütəxəssisləri tərəfindən “riskli aktivlər və təhlükəsiz limanlar arasındakı əlaqənin pozulması” kimi qiymətləndirilir.
Sevinc Yarməmmədova










