2026-cı ilin yanvar–mart aylarında Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstan vətəndaşlarının deportasiyası ilə bağlı 698 qərar qəbul edib.
Alyans.media “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.
Statistikaya əsasən, deportasiya edilənlərdən 424-ü kişi, 104-ü qadın, 164-ü isə yetkinlik yaşına çatmayan şəxslərdir.
Ən çox deportasiya qərarı verən ölkə Almaniya (379 nəfər) olub. Sonrakı yerlərdə Fransa (105 nəfər), İtaliya (41 nəfər), Polşa (30 nəfər) və İsveçrə (22 nəfər) qərarlaşıb.
Məlumatda qeyd olunub ki, Gürcüstan tərəfi altı nəfərin readmissiya müqaviləsi çərçivəsində ölkəyə qəbulundan imtina edib. Həmin şəxslərin Rumıniya daxil olmaqla, bir neçə Avropa ölkəsindən deportasiyası planlaşdırılırdı.
Deportasiya prosesi Gürcüstanın imzaladığı “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə əsasən həyata keçirilir.
Xatırladaq ki, 2017-ci ilin mart ayından etibarən, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrinə qısamüddətli (180 gün ərzində 90 gün) vizasız səfər etmək hüququna malikdirlər. Gürcüstan hakimiyyəti vətəndaşları bu qaydalara əməl etməyə çağırıb və bildirib ki, pozuntular vizasız rejim üçün risk yarada bilər.
Bu məqsədlə ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması üçün bir sıra tədbirlər görülüb, o cümlədən, qanunvericilik sərtləşdirilib və məsuliyyət mexanizmləri gücləndirilib.










