Dağıstanın 3 kəndində Dərbənd və Tsumadin rayonlarında baş verən sürüşmə nəticəsində 3 mindən çox sakin qaz təchizatından məhrum olub.
Alyans.media xəbər verir ki, bu barədə region üzrə Rusiya Fövqəladə Hallar Baş İdarəsinin mətbuat xidməti bildirib.
“Uçqun, çökmə və sürüşmə prosesləri nəticəsində 2 bələdiyyə rayonunda 3 yaşayış məntəqəsi, 887 ev və 3194 nəfər (onlardan 1153-ü uşaqdır) qazsız qalıb, həmçinin 5 sosial əhəmiyyətli obyekt də zərər görüb”, – məlumatda qeyd olunub.
Mətbuat xidmətindən bildirilib ki, qaz təchizatının 22 aprelədək bərpa olunması planlaşdırılır. Qəza yerində qaz xidmətlərinin 3 briqadası işləyir, 35 mütəxəssis və 8 texnika cəlb olunub.
Xatırladaq ki, martın sonu və aprelin əvvəlində Dağıstanda güclü leysan bir neçə rayonda daşqınlara və yaşayış evlərinin dağılmasına səbəb olub. Məlumata görə, respublikada 6 nəfər ölüb. Ümumilikdə 1,5 milyonadək insan fövqəladə vəziyyət zonasına düşüb.









