Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Türk xalqlarının çay mədəniyyəti: ortaq kimliyin və sosial inteqrasiyanın ifadəsi” mövzusunda mədəni festival təşkil olunub.
Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir qardaş türk xalqlarının bir-birinin çay ənənələri ilə tanış olması, həmçinin onlar arasında mədəni-tarixi əlaqələrin möhkəmləndirilməsi baxımından bir növ körpü rolunu oynayıb.
Qeyd olunub ki, çay mədəniyyəti türk xalqlarının ortaq tarixi yaddaşını, qonaqpərvərlik ənənələrini və mənəvi dəyərlərini yaşadan mühüm mədəni irs elementidir. Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstanın çay ənənələri fərqlənsə də, onları qonağa hörmət, qarşılıqlı ehtiram, mənəvi yaxınlıq və vəhdət kimi ortaq dəyərlər birləşdirir. Bu ümumi irs türk xalqları arasında dostluğun və mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir.
Proqram çərçivəsində iştirakçı ölkələrin milli çay guşələri təqdim olunub. Qonaqlar Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstan xalqlarının çay süfrəsi ənənələri, çayın hazırlanma və təqdim olunma özəllikləri ilə tanış olublar, müxtəlif çay növlərinin dadına baxıblar. Milli çay ekspozisiyaları hər bir xalqın mədəniyyətinə xas özəlliklərlə yanaşı, Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərləri də nümayiş etdirib.
Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı və “Xarıbülbül” teatr truppası milli rəqslər və səhnə kompozisiyaları təqdim ediblər, o cümlədən türk xalqlarının mədəni rəngarəngliyini əks etdirən musiqi nömrələri səsləndirilib.









