Ermənistanda Rusiyanın fəaliyyətini müsbət tərəfdən işıqlandıran onlarla “YouTube” kanalı platformadan tamamilə silinib.
Alyans.media xəbər verir ki, bu barədə məlumatı “Məlumatlı Vətəndaşlar Birliyi” qeyri-hökumət təşkilatının rəhbəri Daniel İoannisyan açıqlayıb. Onun sözlərinə görə, həmin kanalların siyahısı öncədən amerikalı senatorlara təqdim edilib və bundan sonra senatorlar “Alphabet” şirkətinin rəhbərliyinə müraciət edərək konkret tədbirlər görülməsini tələb ediblər.
İoannisyan qeyd edib ki, bloklanma prosesi təkcə siyasi resursları deyil, həm də tarixi mövzuda olan kanalları, eləcə də Qərb fondlarını və müxalifəti tənqid edən səhifələri əhatə edib.
Bu addım Ermənistanın informasiya məkanında Rusiyanın təsirini azaltmaq və Qərbmeylli xətti gücləndirmək məqsədi daşıyan genişmiqyaslı kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Bir çox ekspertlər bu hadisəni ifadə azadlığına müdaxilə kimi tənqid etsələr də, rəsmi dairələr bunun dezinformasiya ilə mübarizə olduğunu müdafiə edirlər.
Hazırda silinmiş kanalların sahibləri platformanın bu qərarından şikayət etməyə hazırlaşırlar. Ermənistanın daxili siyasi mühitində bu hadisə ruspərəst və qərbmeylli qüvvələr arasında gərginliyi daha da artırıb.










