İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri heç də təsadüfi deyil. Çünki İsrail üçün regionda, eyni zamanda müsəlman dünyasında ən etibarlı tərəfdaş ölkə məhz Azərbaycandır.
Bu fikirləri Alyans.media – ya açıqlamasında siyasi şərhçi Nəzərbəy Hacıağayev deyib.
Onun sözlərinə görə, bunun həm tarixi, həm də geosiyasi səbəbləri var:
“Tarixi səbəblər ondan ibarətdir ki, yəhudilər əsrlər boyu Azərbaycan türkləri ilə bu torpaqlarda çiyin-çiyinə, mehriban şəkildə yaşayıblar. Dünyada yeganə ərazi məhz Azərbaycandır ki, yəhudilər burada həm etnik kimliklərini, həm də dini inanclarını qoruyub saxlaya biliblər. Bununla yanaşı, bütün dövrlərdə onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısında heç bir maneə olmayıb. Yəhudilər bunu hər zaman dərk edib, minnətdarlıqlarını Azərbaycan xalqına və dövlətinə əməlləri ilə nümayiş etdiriblər.
Məlumdur ki, 1948-ci ildə ilk yəhudi dövləti olan İsrail yaradılıb. 1991-ci ildə isə Azərbaycan öz müstəqilliyini bərpa edib. Müstəqilliyin bərpası ilə sərhədlər açıldı və bir çox yəhudi öz tarixi vətəninə köçmək imkanı qazandı. Lakin onlar buranı tərk etsələr də, burada yedikləri çörəyi unutmadılar və daim ana vətənləri olan Azərbaycanın inkişafı üçün İsraildə və dünyanın digər ölkələrində fəaliyyətlərini davam etdirdilər.
Torpaqlarımız işğal olunduğu dövrdə bizə qarşı dünyada ən güclü informasiya müharibəsini aparan əsas qüvvələrdən biri erməni lobbisi idi. Müstəqilliyin ilk illərində bu çirkin informasiya siyasəti qarşısında açıq şəkildə çətinliklər yaşayırdıq. Lakin əsrlərlə Azərbaycanda yaşamış yəhudi vətəndaşlarımızın sayəsində dünyanın ən güclü lobbilərindən biri olan yəhudi lobbisi erməni lobbisinin yaydığı yalan informasiyalarla mübarizədə bizə ciddi dəstək göstərdi.
ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəliş nəticəsində ordumuzun müasir silahlarla təchizatında problemlər yaranmışdı. Həmin dövrdə yeganə alternativimiz Rusiya bazarı idi və bu silahlar müasir tələblərə tam cavab vermirdi. Azərbaycan dövləti həmin mərhələdə modern silah ehtiyacını məhz dost İsrail dövlətindən alınan hərbi texnika hesabına qarşılamağı bacardı”, – deyə Nəzərbəy Hacıağayev bildirib.
Siyasi şərhçi iki ölkə arasında yaxınlaşmanın əsas səbəblərindən birinin regionda mövcud olan geosiyasi vəziyyətlə bağlı olduğunu da vurğulayıb:
“Mən hər zaman çıxışlarımda qeyd etmişəm ki, Azərbaycan və İsraili yaxınlaşdıran amillər təkcə tarixi əlaqələrlə məhdudlaşmır. Hər iki dövlətin düşmənlərinin eyni olması da bu yaxınlaşmanı şərtləndirir. İran İsrailin əsas düşməni olmaqla yanaşı, tarixən Azərbaycana qarşı da birmənalı olmayan mövqe nümayiş etdirib. Azərbaycan heç vaxt başqa dövlətlərin xarici siyasətinə müdaxilə etməyib və hər ölkənin istədiyi dövlətlə iqtisadi əlaqələr qurmaq hüququna hörmətlə yanaşıb. Lakin İranın xüsusi xidmət orqanları vasitəsilə dəfələrlə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri müşahidə olunub.
Digər mühüm məsələ Fələstin mövzusudur. Azərbaycan Fələstin dövlətinin tanınmasını dəstəkləsə də, Fələstin tərəfinin anti-Azərbaycan mövqeyi təəssüf doğurur. Bu mövqe həm vətəndaş, həm də dövlət səviyyəsində özünü göstərib. Qardaş Türkiyənin Fələstin məsələsində açıq dəstəyinə baxmayaraq, Fələstinin zaman-zaman anti-Türkiyə mövqeyi sərgiləməsi də faktdır. Xocalı soyqırımında iştirak etmiş ASALA terror təşkilatı üzvlərinin HƏMAS-ın hərbi düşərgələrində hazırlanması, bəzi fələstinli və livanlı şəxslərin Birinci Qarabağ müharibəsində Ermənistan tərəfində vuruşması, Fələstin dövlətinin qondarma erməni soyqırımı ilə bağlı poçt markası buraxması, eləcə də Mahmud Abbasın Şimali Kipr məsələsində yunan mövqeyini dəstəkləməsi buna misaldır.
Bütün bu proseslər Azərbaycanla İsrail arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olub. Bu gün İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcəyinin göstəricisidir”, – deyə siyasi şərhçi qeyd edib.










