“Dekabrın 3-də “Adore”un “Gənclik Mall” filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətirin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, “bizdə saxta ətir olmur”. Laqeyd yanaşdılar və dedilər ki, “hara istəsəniz, müraciət edə bilərsiniz”.” bu sözləri şəhər sakini G. Mehdiyeva Qafqazinfo.az – şikayətində bildirib.
G. Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib.
AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə “Adore” parfumeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:
“Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar”.
“Adore” parfumeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov:
“Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orijinallığı yoxlanıla bilər”.










