Son günlərin ən əhəmiyyətli hadisələrindən biri Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında Davosda baş tutan görüş oldu. Bu görüş ətrafında müxtəlif şərhlər səslənsə də, prosesin mahiyyəti kifayət qədər aydındır. Bu səbəbdən məsələyə bir az da real yanaşmaq ücün Alyans.media olaraq Politoloq Turan Rzayevin fikrini soruşduq.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş əvvəlcədən gözlənilən, lakin məzmun baxımından xüsusi əhəmiyyət daşıyan diplomatik hadisədir. Son dövrlər Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan yaxınlaşma fonunda bu təmas Vaşinqtonun Bakını regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul etdiyini bir daha ortaya qoydu.
Ekspert qeyd edir ki, “Görüşün əsas strateji əhəmiyyəti Cənubi Qafqazda davamlı sülhün təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə bağlıdır. Donald Trampın ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalara xüsusi vurğu etməsi də təsadüfi deyil. Həmin razılaşmalar regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin əsasını qoyub.
Politoloqun sözlərinə görə, Vaşinqton görüşü və orada əldə edilən razılaşmalar Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması baxımından mühüm dönüş nöqtəsi olub. Sülh sazişinin paraflanması və TRIPP (Zəngəzur dəhlizi) layihəsi kimi regional infrastruktur təşəbbüslərinə dair razılıqlar Cənubi Qafqazın gələcək geosiyasi xəritəsini formalaşdıran tarixi addımlar kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh artıq təkcə siyasi müstəvidə deyil, real iqtisadi nəticələrlə özünü göstərir. Ermənistanla neft məhsullarının ixracı, taxıl daşımaları kimi konkret ticarət əlaqələrinin formalaşması sülhün praktik dividendlər verdiyini nümayiş etdirir. Bu amil Zəngəzur dəhlizinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Politoloqun qənaətinə görə, bu proseslər Donald Tramp üçün də həm şəxsi siyasi karyerası, həm də ABŞ-ın xarici siyasət kursu baxımından mühüm nəticələr doğurur. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq konstruktiv və praqmatik mövqe sərgiləməsi Vaşinqtonun Bakıya olan etimadını daha da gücləndirir. Prezident İlham Əliyevin liderlik modeli və balanslı siyasəti Ağ Ev üçün Azərbaycanı məqbul və proqnozlaşdırılan tərəfdaş edir”.
Açıqlamada Sülh Şurası məsələsinə də xüsusi diqqət çəkilir. Politoloq bildirir ki, “Azərbaycanın ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bakı bu təşəbbüsü hərbi və ya blok xarakterli struktur kimi deyil, humanitar və idarəetmə yönümlü mexanizm kimi dəyərləndirərək qəbul edib. Bununla yanaşı, Azərbaycan Vaşinqtonla strateji tərəfdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu da açıq şəkildə nümayiş etdirir”.
Ekspert hesab edir ki, liderlərin ikitərəfli münasibətlərin perspektivləri, qarşılıqlı səfərlər və diplomatik təmasların davamlılığı barədə fikir mübadiləsi ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Yekun olaraq Turan Rzayev vurğulayır ki, İlham Əliyev–Donald Tramp görüşü Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sülh proseslərinin daha dayanıqlı və institusional əsaslarla inkişafı üçün real zəmin yaradır. Bu görüş ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində yeni layihə və təşəbbüslərin reallaşmasına yol açan mühüm siyasi mesaj kimi dəyərləndirilməlidir.










