Kanal S-də Aynurə Quliyevanın təqdimatında yayımlanan ‘’Günün axarı’’ verilişi gündəm doğurub. Belə ki, xanəndə Günay İmamverdiyevanın “sənətkar” anlayışı ilə bağlı fikirləri ilə diqqət çəkib. Onun səsləndirdiyi fikirlər studiyada maraqlı müzakirələrə səbəb olub.
Alyans.media xəbər verir ki, sənətkar sözünün kimlərə aid edilməli olduğu ilə bağlı suala cavab verən xanəndə bildirib ki, bu anlayış hər kəsə şamil olunmamalıdır. Onun sözlərinə görə, sənətlə məşğul olmaq hələ insanı sənətkar etmir: “Mən bunu həmişə demişəm – sənətkar doğulur. Bu, hər kəsə aid olan bir məfhum deyil.”
Günay İmamverdiyeva vurğulayıb ki, hər bir insanın bu mövzuda subyektiv fikri ola bilər, lakin sənətə yanaşmada məsuliyyət və dərinlik əsas meyarlardandır. O əlavə edib ki, sənətkar adı daha çox sənətə böyük töhfə verən, öz dəst-xətti ilə seçilən şəxslərə aid edilməlidir.
Veriliş zamanı səslənən bu fikirlər sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Bəzi izləyicilər sənətkar anlayışının daha geniş olduğunu düşünərkən, digərləri isə xanəndənin mövqeyini dəstəkləyərək bu adın hər kəsə verilməsinin doğru olmadığını qeyd ediblər.
Müzakirələrin davam etdiyi mövzuda ortaq fikir isə belə səslənir: sənət təkcə məşğuliyyət deyil, həm də məsuliyyət və istedadın vəhdətidir.










