Alimlər uzun müddət əvvəl nəsli kəsilmiş hesab edilən nadir bir heyvan növünü yenidən aşkar etdiklərini bildiriblər. Araşdırma zamanı Yeni Qvineyanın ucqar tropik meşələrində pigmy long-fingered possum adlı kiçik məməli növünün yaşadığı müəyyən olunub.
Alyans.media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu heyvan növü yalnız qədim fosil qalıqları vasitəsilə məlum idi və onun təxminən 6000 il əvvəl yoxa çıxdığı düşünülürdü. Lakin son tədqiqat ekspedisiyası zamanı alimlər bu canlıya aid yeni nümunələr aşkar ediblər.
Araşdırmaçıların sözlərinə görə, possum növünün ən maraqlı xüsusiyyəti onun qeyri-adi uzun barmağıdır. Dördüncü barmaq digər barmaqlardan xeyli uzun olur və bu xüsusiyyət sayəsində heyvan ağac qabıqlarının içində gizlənən həşəratları asanlıqla çıxara bilir.
Bioloqlar belə halları “Lazarus növləri” adlandırırlar. Bu termin nəsli kəsilmiş hesab edilən, lakin uzun müddətdən sonra yenidən tapılan canlılara şamil olunur. Alimlər hesab edirlər ki, bu kəşf tropik meşələrdə hələ də araşdırılmamış çox sayda nadir növün yaşadığını göstərir.
Sevinc Yarməmmədova










