Son dövrlərdə artan onlayn fırıldaq halları fonunda vətəndaşlar müxtəlif üsullarla aldadılma təhlükəsi ilə üz-üzə qalır.
Bu cür hallardan biri ilə qarşılaşan vətəndaş Alyans.mediaya bildirib ki, hadisə SMS vasitəsilə baş verib. Mesajda bankdan göndərildiyi iddia olunur və kartın bloklanacağı bildirilib. Vətəndaşdan linkə daxil olaraq məlumatlarını yeniləməsi tələb edilib.
“Mesajda bankdan gəldiyi yazılmışdı və kartımın bloklanacağı qeyd olunurdu. Linkə daxil olub məlumatları yeniləməyim istənildi. Məndən kart nömrəsi, son istifadə tarixi və SMS-lə gələn təsdiq kodu tələb olundu. İlk baxışda hər şey real görünsə də, şübhələndim,” – deyə o bildirib.
Vətəndaş qeyd edib ki, məlumatları tam daxil etmədiyi üçün maddi zərər görməyib. O, fırıldaq cəhdini linkin ünvanına diqqətlə baxdıqdan sonra anladığını deyib.
“Sayt rəsmi səhifəyə bənzəyirdi, amma domen fərqli idi. Bu məqam məni şübhələndirdi və prosesi dayandırdım,” – deyə o əlavə edib.
Hadisədən sonra vətəndaş dərhal bankla əlaqə saxlayaraq kartını müvəqqəti bloklatdırıb. O bildirib ki, bu hadisədən sonra daha diqqətli davranmağa başlayıb və naməlum linklərə daxil olmur.
Mütəxəssislər vətəndaşlara bu cür hallarda ehtiyatlı olmağı, şəxsi və maliyyə məlumatlarını paylaşmamağı və şübhəli mesajlarla qarşılaşdıqda dərhal müvafiq qurumlara müraciət etməyi tövsiyə edirlər.
Günel Dadaşova










