Bədən çəkisi yalnız qidalanma və həyat tərzi ilə bağlı deyil – emosiyalar da rol oynayır. Stres, bastırılmış duyğular və daxili gərginlik çəki artımına səbəb ola bilər. Bu isə uzun illər insanlar arasında yayılan yanlış inanclarla tez-tez qarışdırılır. Son illər sosial mediada tez-tez belə bir fikir səslənir: guya xoşbəxt evlilik insanı kökəldir. Bəs bu, həqiqətən psixoloji və elmi əsaslara söykənən bir iddiadır, yoxsa sadəcə müşahidələrdən yaranmış stereotip? Emosional rahatlıq çəki artımına səbəb ola bilərmi? Rahatlaşma effekti” deyilən anlayış psixologiyada varmı?
Mövzu ilə bağlı klinik psixoloq, Amerika Psixoloqlar Assosiyasının üzvü Fəridə Musəvi Alyans.media-ya açıqlama verib. O bildirib ki, bəzi qədim inanclar, qadının kökəlməsini yalnız ərinin ona yaxşı baxması ilə izah edir: ‘’Lakin psixoloq bildirir ki, bu yanaşma düzgün deyil. İnsanlar üzüntü, kədər və stres yaşayanda da çəki artımı ola bilər. Bastırılmış duyğuların bədən üzərində təsiri psixologiyada müşahidə olunan faktordur. Yalnız hər çəki artımını uğurlu və ya uğursuz evliliklə bağlamaq doğru deyil. Həyatımızın əsasını psixologiya, düşüncələr, ruh və enerji təşkil etsə də, hər şeyi yalnız psixologiyaya bağlamaq yanlışdır’’.
O, əlavə edir ki, bir çox pasiyentlərinin daxili gərginliyi və bastırılmış emosiyaları onların çəki artımına səbəb olub. “Onlarla işlədikdən sonra bəziləri sürətli çəki azalması yaşadıqlarını bildirirlər. İllərlə müxtəlif üsullar sınamışdılar, amma belə nəticə olmamışdı. Nəticədə, psixosomatik duyğular və emosional durumlar bədənimizdə çəki problemlərinə yol aça bilər. Artıq çəki yalnız xoşbəxtlik, uğur və ya həyatda müəyyən durumlarla əlaqələndirilə bilməz. Bu, sadəcə yanlış və cahil bir yanaşmadır’’.

Sevinc Yarməmmədova










