ABŞ qanunvericiləri İranla bağlı genişlənən qarşıdurma fonunda prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni səsverməyə çıxarmağa hazırlaşırlar.
Alyans.media xəbər verir ki, martın 4-də Senatda, növbəti gün isə Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq ikipartiyalı “müharibə səlahiyyətləri” qətnaməsi ABŞ-ın İrana qarşı davam edən hərbi kampaniyasını dayandırmağı və bu ölkəyə qarşı istənilən hərbi əməliyyatın yalnız Konqresin rəsmi icazəsi ilə həyata keçirilməsini tələb edir.
Sənədin müəllifləri bildirirlər ki, məqsəd Konqresin ABŞ Konstitusiyasında nəzərdə tutulmuş müharibə elan etmək səlahiyyətini bərpa etməkdir. Onların sözlərinə görə, prezident Donald Tramp administrasiyası tərəfindən qoşunların təkrar-təkrar bölgəyə göndərilməsi qanunverici orqanın rolu ilə bağlı suallar doğurur.
Qeyd edək ki, bundan əvvəl respublikaçılar Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş təşəbbüslərin qarşısını almışdılar. Lakin hazırkı təşəbbüsə bəzi respublikaçı senatorlar da dəstək verir.
Təşəbbüs müəllifləri hesab edirlər ki, Konqres İranla bağlı mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Analitiklər isə uzunmüddətli hərbi qarşıdurmanın noyabrda keçiriləcək aralıq seçkilərə təsir göstərə biləcəyini istisna etmirlər.
Sevinc Yarməmmədova










