Ağ Ev yaxınlığında baş verən avtomobil insidentindən sonra Vaşinqtonun mərkəzi hissəsində təhlükəsizlik tədbirləri artırılıb. Polis və xüsusi xidmət orqanları əraziyə əlavə qüvvələr yerləşdirib.
Alyans.media bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, avtomobil Ağ Evin yaxınlığında yerləşən Lafayette Square ərazisində təhlükəsizlik baryerinə çırpılıb. Hadisə zamanı ətraf küçələr bağlanıb və ərazi polis lentləri ilə mühasirəyə alınıb.
ABŞ Gizli Xidməti bildirib ki, sürücü hadisə yerində saxlanılıb və hazırda onun kimliyi və hadisənin səbəbi araşdırılır. Rəsmilər avtomobildə partlayıcı maddə olmadığını təsdiqləyiblər.
Hadisə nəticəsində xəsarət alan olmasa da, insident Vaşinqtonda təhlükəsizlik tədbirlərinin yenidən gündəmə gəlməsinə səbəb olub.










