Portuqaliyada aparılan arxeoloji araşdırmalar zamanı alimlər təxminən 150 milyon il əvvələ aid dinozavr yuvası aşkar ediblər. Tapıntı Santa Cruz sahillərində aparılan qazıntılar zamanı üzə çıxıb.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, qum daşının içində qorunub qalan yuvada bir neçə dinozavr yumurtası müəyyən edilib. Alimlərin ehtimalına görə, bu yumurtalar kiçik ölçülü ətyeyən teropod dinozavrlarına məxsus olub.
Araşdırmaçılar bildirirlər ki, tapıntı dinozavrların çoxalma və yuva qurma davranışını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. Yumurtalar xüsusi laboratoriya üsulları ilə araşdırılır ki, onların iç strukturu zədələnmədən öyrənilə bilsin.
Mütəxəssislərin fikrincə, belə tapıntılar dinozavrların həyat tərzi və onların yaşadıqları mühit haqqında yeni məlumatlar əldə etməyə imkan yaradır.
Sevinc Yarməmmədova










