Gürcüstan hökuməti plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədilə mühüm qərar qəbul edib. Martın 12-də keçirilən hökumət iclasında qida ilə təmas üçün nəzərdə tutulmuş bəzi plastik məhsulların istehsalı, idxalı və satışının mərhələli şəkildə qadağan edilməsi barədə qərar təsdiqlənib.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, qərar əsasən plastik butulkalarda içkilərin istehsalı və istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Yeni qaydalara əsasən, 2026-cı il iyulun 1-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə plastik butulkalarda içki təqdim edilməsi qadağan olunacaq. 2027-ci il fevralın 1-dən isə plastik butulkalarda içkilərin istehsalı (ixrac məqsədi istisna olmaqla), idxalı və bazara çıxarılması tam dayandırılacaq.
Bununla yanaşı, qərarda müəyyən istisnalar da nəzərdə tutulur. Belə ki, 3 litr və daha böyük həcmli içməli su, həmçinin 20 litr və daha böyük həcmdə olan alkoqollu və alkoqolsuz içkilər bu qadağadan kənarda qalacaq. Eyni zamanda, Gürcüstan Daxili İşlər Nazirliyi, Müdafiə Qüvvələri və hərbi qulluqçuların ehtiyacları üçün istehsal edilən içməli su da qadağaya daxil edilməyəcək.
Hökumət bu addımı ekoloji problemlərin qarşısını almaq zərurəti ilə izah edir. Bildirilir ki, plastik məhsulların təbiətdə parçalanması yüz illərlə davam edir və bu müddət ərzində torpağa, su hövzələrinə və dəniz ekosistemlərinə ciddi zərər vurur. Bu isə həm sanitariya sistemlərinin fəaliyyətinə mənfi təsir göstərir, həm də torpağın münbitliyinin azalmasına səbəb olur.
Aparılan araşdırmalar da problemin miqyasını açıq şəkildə göstərir. Tədqiqatların nəticələrinə görə, ölkədə çaylarda aşkarlanan tullantıların təxminən 88 faizi plastikdir. Bu tullantıların böyük hissəsi birdəfəlik istifadə olunan plastik məhsullardan ibarətdir. Onların arasında isə plastik butulkaların payı təxminən 41 faiz təşkil edir.
Sevinc Yarməmmədova










