“Arash Estetik” klinikasının həkimi Sənan Xankişiyevdən növbəti şikayət – Dişini düzəltdirmək istədi, çənəsi əyildi !
Redaksiyamıza müraciət edən vətəndaş Xəzəngül Həsənova stomatoloq Sənan Xankişiyevin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, televiziyada yayımlanan və aparıcısı Lalə Azərtaş olan Təsir Dairəsi proqramında həkimi gördükdən sonra ona etibar edərək Arash Estetik klinikasına müraciət edib.
Şikayətçinin bildirdiyinə görə, müayinə zamanı həkim Sənan Xankişiyev onun çənəsində əyrilik olduğunu, hətta gələcəkdə çənəsinin qırıla biləcəyini deyərək əməliyyatın vacibliyini vurğulayıb. Həkim bunun üçün endirim kampaniyası olduğunu bildirərək bütün prosedurları 6200 manata həyata keçirəcəyini deyib.
Lakin vətəndaşın iddiasına görə, əməliyyatdan sonra həkim dişlərin qoyulması üçün əlavə olaraq 14 min manat tələb edib. Pasiyent ilkin danışığın belə olmadığını bildirdikdə isə Sənan Xankişiyev keramika dişlərin qoyulmasını təklif edərək 7500 manat gətirməsini istəyib.

Xəzəngül Həsənova iddia edir ki, uğursuz əməliyyat nəticəsində onun çənə sümüyü əyilib və ağzı əyri vəziyyətdə qalıb. O bildirir ki, məsələ ilə bağlı dəfələrlə həkimə müraciət etsə də, telefon nömrələri bloklanıb və özü həkim tərəfindən təhqir olunub.
Şikayətçi həmçinin qeyd edir ki, bir dəfə vəziyyətinin ağırlığı və ümidsizlik səbəbilə Arash Estetik klinikasının qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Lakin klinika əməkdaşlarının müdaxiləsi ilə bu addımın qarşısı alınıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb və vətəndaş ərazi üzrə polis bölməsinə aparılıb.
Qeyd edək ki, şikayətçi Xəzəngül Həsənova həkimlə arasında keçən danışığa dair səs yazılarını da redaksiyamıza təqdim edib.
Məsələ ilə bağlı həm Sənan Xankişiyevin, həm də Təsir Dairəsi proqramının aparıcısı Lalə Azərtaş ilə əlaqə saxlamağa çalışsaq da, özünü Lalə Azərtaşın köməkçisi kimi təqdim edən xanım aparıcının iclasda olduğunu və hazırda vaxtının olmadığını bildirib.
Sənan Xankişiyev isə məsələ ilə bağlı mövqe bildirmək əvəzinə, bu hadisə ictimailəşdiriləcəyi təqdirdə redaksiyanı məhkəməyə verəcəyi ilə bağlı hədələr səsləndirdi.










