Son illərdə psixoloqa müraciət edənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu tendensiyanın əsas səbəblərindən biri cəmiyyətdə psixi sağlamlıqla bağlı maarifləndirmənin artmasıdır. Əvvəllər insanlar psixoloji dəstəyi zəiflik əlaməti kimi qəbul etsələr də, bu gün psixoloqa müraciət etmək daha çox şəxsi inkişaf və özünə qayğı kimi dəyərləndirilir. Digər mühüm amil isə müasir həyatın yaratdığı stress və təzyiqlərin artmasıdır. Sürətli həyat tərzi, iqtisadi çətinliklər, işsizlik, sosial şəbəkələrin təsiri və ailədaxili problemlər insanların emosional vəziyyətinə mənfi təsir göstərir. Bundan əlavə, sosial medianın geniş yayılması insanların özlərini başqaları ilə müqayisə etməsinə və nəticədə özünə inamın azalmasına səbəb olur. Nəticə etibarilə, psixoloqa müraciət edənlərin sayının artması cəmiyyətin psixi sağlamlığa daha həssas yanaşdığını göstərir və bu, müsbət bir inkişaf kimi qiymətləndirilə bilər. Bu tendensiya insanların problemlərini vaxtında həll etməsinə və daha sağlam cəmiyyətin formalaşmasına töhfə verir.
Mövzu ilə bağlı psixoloq Nizami Orucov Alyans.media-ya açıqlama verib. O bildirib ki, son illərdə psixoloqa müraciət edənlərin sayının artması bir neçə amillə bağlıdır və bu, ümumilikdə müsbət tendensiya kimi qiymətləndirilə bilər: “Əvvəllər psixoloji dəstək almaq cəmiyyətdə daha çox tabu kimi qəbul olunurdu. İnsanlar problemlərini ya gizlədir, ya da “özüm həll edərəm” yanaşması ilə yaşayırdılar. İndi isə maariflənmə artıb, insanlar emosional vəziyyətlərini daha yaxşı anlamağa başlayıblar və psixoloqa müraciəti zəiflik yox, öz üzərində işləmək kimi görürlər”.
Ekspert qeyd edib ki, digər tərəfdən, müasir həyatın tempi də ciddi rol oynayır: ‘’Stress, iş yükü, sosial təzyiq, münasibət problemləri və qeyri-müəyyənlik hissi artdıqca insanlar psixoloji dəstəyə daha çox ehtiyac duyurlar. Xüsusilə sosial şəbəkələrin təsiri ilə müqayisə, narazılıq və özünə qarşı tələblər yüksəlir ki, bu da daxili gərginliyi artırır. Bundan əlavə, münasibətlər sistemi də dəyişib. Ailə strukturu, sosial əlaqələr və dəstək mexanizmləri əvvəlki kimi güclü olmadıqda insanlar emosional boşluğu peşəkar dəstəklə doldurmağa çalışır. Nəhayət, psixologiyanın populyarlaşması da bu artıma təsir edir. İnsanlar artıq psixoloji sağlamlığın fiziki sağlamlıq qədər önəmli olduğunu qəbul edir və problem böyümədən müraciət etməyə daha meyilli olurlar. Qısa desək, bu artım həm ehtiyacın çoxalması, həm də insanların öz psixoloji rifahına daha məsuliyyətli yanaşmasının göstəricisidir”.

Xavər Hacıyeva










